Yunus surəsi - Ayə: 61

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 61
Hər hansı halda və işdə olsan, Onun tərəfindən Qur’andan hər hansı bir hissəni oxusan və (boynunda ilahi vəzifə olan siz bəndələr) hər nə iş görsəniz, ona məşğul olduğunuz zaman Biz orada hazır və sizə şahidik. Və nə yerdə və nə göydə zərrə ağırlığı qədər də bir şey sənin Rəbbin(in zat, qüdrət və elminin əhatəsin)dən gizli deyildir. Və ondan (zərrədən) nə kiçik və nə böyük bir şey yoxdur ki, aşkar kitabda (əşyaların həqiqətlərinin əks olunduğu və Allah dərgahına yaxın olanların gözləri önündə aşkar olan bir lövhədə) qeyd edilməmiş olsun.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 61. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 61 MÖHSÜN QƏRAƏTİ.

"Nə halda olsan, Qurandan nə qədər oxusan, nə iş görsən ona başlayan kimi Biz sizə şahidik və nə yer üzündə, nə də səmada zərrə ağırlığında bir şey Rəbbinə gizli deyil. Ondan kiçiyi, ondan böyüyü nə varsa aşkar kitabda qeyd olunmuşdur.”
Nöqtələr
"Kitabun mubin” dedikdə ya lövhi-məhfuz (müqəddəratın qeyd olunduğu lövhə), ya da Allahın bütün varlıq aləmini əhatə edən elmi nəzərdə tutulur. Bu elmə həm insanların əməlləri, həm də yerdə və göydə olan kiçikli-böyüklü mövcudlar daxildir.
İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) bu ayəni oxuduqda şiddətlə ağlayardı.” 
Bildirişlər
1. Peyğəmbər (s) nümunə olduğundan onun bütün işləri mühümdür.
2. Allahın rəsulu da nəzarət altındadır.
3. Quran tilavətində diqqətli olmaq lazımdır ki, səhvə yol verilməsin. Bütün işlərimiz şahidlərin nəzarəti altındadır.
4. Allah bəşəriyyətin həm düşüncəsinə, həm danışığına, həm də əməlinə şahiddir.
5. Quran tilavəti risalət məqamı və insanların bütün əməlləri ilə bir sırada dayanır. Ayədə bildirilir ki, Allah həm peyğəmbərlərin işinə, həm xalqın əməllərinə, həm də Quran tilavətinə şahiddir. Bu bəyanat Quran tilavətinin əhəmiyyətini göstərir.
6. Cahan Allahın hüzurundadır, Allah bütün əməllərimizə şahiddir. Bizə möhlət verilməsinin səbəbi Allahın nədənsə xəbərsiz olması deyil.
7. Əməllərimizə həm Allah, həm də mələklər şahiddir.
8. Allahın hüzuruna diqqət insanda həya hissi yaradır.
9. Allah yaxından və uzaqdan, kiçikdən və böyükdən, zahirdən və batindən eyni cür xəbərdardır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.