Yunus surəsi - Ayə: 64

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 64
Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır (dünyada peyğəmbərlərin dili və qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə və axirətdə Allahın xitabı, mələklərlə görüş və həqiqətlərin aşkar olması ilə). Allahın kəlamlarında (Onun vədlərində) heç bir dəyişkənlik yoxdur. Budur böyük uğur və qurtuluş!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 64. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 64 MÖHSÜN QƏRAƏTİ.

"Onlar (Allahın övliyaları) üçün dünya və axirət həyatında müjdə var. Allahın sözləri (vədləri) dəyişməzdir. O, həmin böyük qurtuluşdur.”
Nöqtələr
İman və təqva əhlinə dünya həyatında sadiq yuxular, ilahi ilhamlar, qəlb aramlığı, fitnələrin puça çıxması, duaların qəbulu, ölüm zamanı məsumlarla görüş vasitəsi ilə müjdə verilir. Axirətdə isə bu müjdə ilahi nemətlərdir.
Həzrət Peyğəmbər (s) bu ayə ilə bağlı buyurmuşdur: "Dünyəvi müjdə xoş yuxular, axirət müjdəsi ölüm zamanı verilən müjdədir. İnsana müjdə verilir ki, sən və səni qəbrə aparanlar bağışlanar.  "Bir rəvayətdə İmam Baqir (ə) Əbu-Həmzə Somaliyə buyurur: "Ölüm zamanı həzrət Məhəmməd (s) və Əli (ə) mömin şəxsin yanında hazır olub buyurarlar: "Bizə tərəf gəl, gələcəyin keçmişindən yaxşıdır, sənin ruhun Allahın ruhuna qovuşasıdır.” 
Quran ayələrinə əsasən, Allahın övliyaları bu dünyada da Allahın müjdələrindən faydalanırlar. Onlardan bəzilərini nəzərdən keçirək: aramlıq ; təvəkkül ; qeybi yardım ; daimi qaliblik ; bəsirət və nur ; çıxılmaz vəziyyətin olmaması ; işlərin əbəs sayılmaması ; məzəmmətlərdən qorxmamaq ; xalqdan qorxmamaq ; zalım hakimdən qorxmamaq ; heyrətə düçar olmamaq ; sevimlilik ; fani işlərin ilahi rənglə əbədiləşdirilməsi. 
Bildirişlər
1. Yalnız Allah övliyalarının həm dünyası, həm də axirəti var.
2. Allahın vədləri qəti və dəyişməzdir.
3. Böyük qurtuluş yalnız daimi iman və təqvaya malik olanlar üçündür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.