Ən-Nisa surəsi - Ayə: 77

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 77
Məgər (cihad hökmündən qabaq Məkkədə) «(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin» deyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan və qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxan və «ey Rəbbimiz, nə üçün bizə döyüş qərara aldın (yazdın)? Nə üçün bizə azacıq bir möhlət vermədin?» deyən kəsləri görmədinmi?! De: «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 77. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 77 MÖHSÜN QƏRAƏTİ.

"Əl saxlayın, namazı bərpa edin, zəkat ödəyin” deyilən kəsləri görmürsənmi? Amma (Mədinədə) onlar üçün cihad müəyyənləşəndə onlardan bir dəstəsi xalqdan (Məkkə müşriklərindən) elə qorxdu ki, sanki Allahdan qorxdu, bəlkə bundan da çox. (Etirazla) dedilər: "Pərvərdigara! Nə üçün bizə döyüşü vacib etdin? Nə üçün bizə yaxın sonluğadək (təbii ölümədək) möhlət vermədin?” De ki, dünyanın bəhrəsi az və dəyərsizdir. Təqva yolunu tutan kəs üçün axirət daha yaxşıdır. Sizə xurma özəyindəki lif qədərincə zülm olunmayacaq.”
Nöqtələr
İlkin İslam dövrünün müsəlmanları Məkkənin çətin vaxtlarında peyğəmbərdən müşriklərlə döyüş üçün icazə istəyirdilər və deyirdilər: "İslamdan qabaq rahat idik, indi isə İslama xatir çətinliyə düşmüşük. Döyüşə icazə ver, qoy izzətimizi ələ alaq. Həmin vaxt döyüş barədə vəhy almayan peyğəmbər döyüşə icazə vermədi. Amma hicrətdən sonra cihad əmri gəldiyi vaxt bir zaman cihad tələb edənlərin müəyyən hissəsi etiraz edib bəhanə axtarmağa başladı. Onlar Məkkə kafirlərini güclü sayıb qorxudan tir-tir əsirdilər.
Qarşı tərəfin əzəmət və böyüklüyündən yaranan qorxuya "xəşyət” deyilir.
İmam Sadiq (ə) buyurmuşdur: "Onlar boş şüarlar verirdilər. Ayə nazil oldu ki, əl götürün.”("Təfsire-Nurus-səqəleyn” ; "Kafi”, c. 2, səh. 114. )
İmam Baqir (ə) ayənin nümunələrindən biri kimi imam Həsənin (ə) sülhünü göstərir. İmam bildirir ki, bu sülh İslam ümməti üçün günəşin işıq saçdığı şeydən də üstündür.”("Kafi”, c. 8, səh. 330. )
Bəli, məsum imam bəzən imam Həsən (ə) tək atəşkəs əmri verir, bəzən də imam Hüseyn (ə) kimi döyüş və şəhadəti zəruri sayır.
Müxtəlif rəvayətlərdə oxuyuruq ki, "əcəlin qərib” ifadəsi imam Mehdinin (ə) qiyamına işarədir. Xalq cihadın həmin vaxtadək təxirə salınmasını istəyirdi.("Təfsire-Əyyaşi”, c. 1, səh. 257. ) Yəni bir dəstə insan elə düşünür ki, imam Mehdinin (ə) qiyamınadək döyüş hökmü verilməməlidir.
Bildirişlər
1. Tarixə diqqət faydalıdır.
2. Bütün inqilabların başlanğıcında çətinliklərə dözmək lazım gəlir.
3. Ötəri hissləri və boş şüarları nəzərdən qaçırmaq olmaz.
4. Allahın göstərişləri xalqın istəyinə yox, həqiqi ehtiyaclara əsaslanır.
5. Qılınc heç də həmişə faydalı olmur. Çətin şəraitdə və hazırlıq olmayanda güclü düşmənə bəhanə yeri qoymaq olmaz.
6. Allahın rəsulundan və ilahi göstərişlərdən qabağa qaçmayın. Dini işlərdə şəxsi üslubunuzu önə çəkməyin.
7. Allahın zikri olan namazla daxili rahatlıq əldə edin. Zəkat vasitəsi ilə iqtisadi boşluqları doldurun.
8. İslamın ibadi məsələləri iqtisadi məsələlərindən təcrid deyil.
9. İbadətlər arasında namaz və zəkatın xüsusi yeri var.
10. Namaz zəkatdan öndə gəlir. (Bu iki ibadətin adı çəkilərkən daim namaz öndə zikr olunur.)
11. Namaz və zəkat göstərişləri cihad göstərişindən qabaq çıxarılmışdır.
12. İnsanın özünü tərbiyə etməsi cəmiyyəti qaydaya salmasından irəlidir. Namaz və zəkat əhli olmayan kəs ixlas və isar əhli də olmayacaq.
13. Tez qızanlar tez də soyuyur. Bəli, qızmış şey soyuyur, amma bişmiş şey yenidən çiy olmur.
14. İnqilabçı olmaq mühüm deyil. İnqilabçı qalmaq mühümdür. Bəzən şüarla əməl arasında böyük fasilə yaranır.
15. Cihad göstərişi xalqın sınaq vasitəsidir.
16. Cihadın tərk olunmasının əsas səbəbi dünyaya bağlılıqdır.
17. Cihad əmrinə etiraz qaynağı qorxudur.
18. Allahın göstərişlərinə və onların verilmə vaxtına etiraz etməyin. İlahi əmr olan yerdə zaman və məkanla bağlı hesabatlarınızı bir kənara qoyun.
19. Allahın əmrinə etiraz təqvasızlıq nişanəsidir.
20. Əgər baxışınız maddi dünyadan uzaq görə bilsə, dünyanın cüzi matahına könül verməzsiniz.
21. Yalnız təqva əhli axirətdə kam alır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.