"Bütün bu fəzllər Allah tərəfindəndir. Agahlıq üçün Allah bəs edər.”
"Həmd” surəsində "doğru yol” ifadəsi ilə yanaşı "nemət verilmişlər” ifadəsi zikr olunmuşdur. Bu yanaşılıqla ikinci dəfə 68-69-cu ayələrdə rastlaşırıq. Belə görünür ki, peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdən savay doğru yolla gedən yoxdur. Doğru yol qəti şəkildə bu dörd zümrədən birinə aiddir.
Rəvayətlərdə siddiqlər kimi məsum imamlar və həzrət Fatimə (ə) təqdim olunur. Şəhidlər dedikdə ya cihad meydanında öldürülənlər, ya da qiyamətdə əməllərə şahid olanlar nəzərdə tutulur.
Peyğəmbərlərlə yoldaşlıq dünya həyatında hamıya müyəssər olmur. Demək, ayədə axirət yoldaşlığı nəzərdə tutulmuşdur.
1. Peyğəmbərlər və şəhidlərin yolu, yaxşı insanlarla yoldaşlıq yalnız Allah və Onun rəsulunun göstərişlərinə itaət sayəsində əldə olunur.
2. Yaxşı yoldaş peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdir. Dünya dostlarını da bu meyarlarla seçmək lazımdır.
3. Peyğəmbərə itaət Allaha itaətdir. Demək, peyğəmbərə itaətin tövhid əqidəsi ilə ziddiyyəti yoxdur.
4. Peyğəmbərə itaətin mükafatı bütün peyğəmbərlərlə yoldaşlıqdır. Çünki bütün peyğəmbərlər eyni bir nurdurlar və bir hədəfə malikdirlər. Bir peyğəmbərə itaət bütün peyğəmbərlərin yolunu getməkdir.
5. Allahın hər şeydən xəbərdar olması vəzifənin yerinə yetirilməsində ən təsirli təşviqdir.
6. Peyğəmbərlik məqamı siddiqlərin, şəhidlərin və salehlərin məqamından ucadır. (Çünki peyğəmbərlər o biri zümrələrdən öndə zikr olunmuşlar.)