"Ey iman gətirənlər! Allaha itaət edin, peyğəmbərə və əmr sahiblərinə (peyğəmbər canişinlərinə) tabe olun. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allahın və peyğəmbərin hökmünə verin. Bu, (ixtilafın həlli üçün Quran və sünnəyə müraciət) üstündür və sonu daha yaxşıdır.”
Əvvəlki ayədə bəyan olundu ki, hakim ədalətli və əmanətdar olmalıdır. Bu ayədə isə xalqın Allah və peyğəmbər qarşısındakı vəzifəsinə işarə olunur. Allah, peyğəmbər və əmr sahibi kimi müraciət yeri olduğu halda xalq üçün heç vaxt çıxılmaz vəziyyət qalmır.
Bu üç ünvana itaət olunması Quran tövhidi ilə zidd deyil. Çünki peyğəmbər və əmr sahibinə itaət də Allaha itaətdir. İnsan Allahın əmri əsasında peyğəmbər və əmr sahibinə üz tutur.
"Təfsire-nümunə”də İbn Abbasdan nəql olunur ki, İslam peyğəmbəri Təbuk döyüşündə gedərkən Mədinədə həzrət Əlini (ə) öz yerində qoydu və buyurdu: "Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.” Sonra bu ayə nazil oldu.
Ötən ayədə tapşırıldı ki, əmanətlər öz əhlinə tapşırılsın. Ayədən belə anlaşılır ki, əmanəti əhlinə tapşırmaq Allaha, peyğəmbərə və əmr sahibinə itaət sayəsində gerçəkləşir.
"İtaət edin” göstərişinin təkrarı göstərişlərin növbənöv olması rəmzidir. Peyğəmbər bəzən ilahi hökmləri bəyan edir, bəzən dövləti tapşırıq verirdi. Onun risalət və hökumət kimi iki mənsəbi vardı. Quran bəzən peyğəmbərə xitabən buyururdu: "Nazil etdiyimizi xalqa bəyan et.”("Nəhl”, 44. ) Bəzən isə belə buyururdu: "Xalq arasında ilahi qanunlar əsasında rəhbərlik və mühakimə et.”("Nisa”, 105. )
Quran günahkarlara, israfçılara, azğınlara, cahillərə, zalımlara itaət etməmək göstərişi verir. Buna görə də itaət göstərişi verilərkən itaəti qadağan olunmamış zümrə, itaəti Allah və peyğəmbər göstərişləri ilə zidd olmayan fərdlər nəzərdə tutulur.
İtaət ayəsində əmr sahibi haqqında danışılır. Çəkişmə vaxtı isə əmr sahibləri yox, yalnız Allah və Onun rəsulu tanıtdırılır. Belə bir nəticə alınır ki, əgər əmr sahibini tanımaqda çətinlik varsa, Allaha və Onun rəsuluna müraciət olunmalıdır. Peyğəmbər rəvayətlərində peyğəmbər Əhli-beytinin (ə) əmr sahibi olduğu bildirilir.("Kəmaləddin-Səduq”, səh. 222. )
Hüseyn ibn Əbül-Əla deyir: "Mən peyğəmbər vəsiləri və onlara itaətin vacibliyi haqqında əqidəmi İmam Sadiqə (ə) bildirdim. Həzrət buyurdu: "Bəli, belədir. Onlar həmin kəslərdir ki, Allah onlara itaət olunmasına əmr etmişdir.”("Kafi”, c. 1, s.187. )
Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 125-ci xütbəsində və Malik Əştərin əhdnaməsində buyurmuşdur: «Allah və Onun rəsuluna müraciət» dedikdə möhkəm ayələrə və hamının yekdil qəbul etdiyi sünnələrə müraciət nəzərdə tutulur.”
Həzrət Əli (ə) buyurmuşdur: "Peyğəmbərin məsum Əhli-beytinin nəzərinə uyğun olmayan mühakimə yürüdən hakimlər tağutdur (zalım hakimdir).”("Dəaimul-İslam”, c. 2, səh. 530. )
1. Xalq İslam nizamını qəbul etməlidir. İlahi rəhbərə sözdə və əməldə tabeçilik zəruridir.
2. İslam dini əqidə və siyasəti ayrılmaz bir məktəbdir. Peyğəmbər və əmr sahiblərinə itaət kimi siyasi göstəriş Allaha və qiyamətə iman kimi etiqadi əmrlə yanaşıdır.
3. İtaətdə mərtəbələr silsiləsi hifz olmalıdır.
4. Əmr sahibi peyğəmbər tək məsum olmalıdır ki, ona itaət peyğəmbərə itaət sırasında - nə üçün-niyəsiz - olsun.
5. Mömin və imanlı xalqın özündən olan hakimə itaət vacibdir.
6. Əmr sahibinin Allah və Onun rəsulu ilə yanaşı yada salınması göstərir ki, İslam hökuməti və nizamının məsulu çox pak olmalıdır.
7. Gerçək iman nişanəsi çəkişmələr qızışdığı zaman Allaha və Onun rəsuluna müraciət edilməsidir. Adi vəziyyətlərdə itaət mühüm deyil.
7. İslam hökumətinin vəzifələrindən biri vəhdət yaradılması və çəkişmələrin həllidir.
9. Kamil bir dində bütün ixtilafların həlli yolu olmalıdır.
10. Qeyri-ilahi, zalım hökumətlərin əmrinə itaət haramdır.
11. Əgər bütün firqələr Quran və sünnəyə müraciət etsə, bütün ixtilaflar həll olar, vəhdət və birlik yaranar.
12. Allahın, Onun rəsulunun və ilahi rəhbərlərin göstərişlərinə qarşı çıxanlar öz imanlarında şəkk etməlidirlər.
13. İslamın əməl proqramları onun etiqadi proqramlarına əsaslanır. Başqa sözlə, Allaha və qiyamətə iman İslam hökmlərinin icrasının və itaətsizlikdən çəkinmənin dayağıdır.
14. Gələcəyi düşünmək və uzun müddətli məsləhətlərə riayət etmək dəyər ölçüsüdür.