Ən-Nisa surəsi - Ayə: 65

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 65
Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 65. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 65 MÖHSÜN QƏRAƏTİ.

"Xeyr! And olsun Rəbbinə, nə qədər ki, öz mübahisələrində səni hakim seçməyirlər, qəlblərində sənin mühakimənlə bağlı narahatlıqları var, (sənin mühakimən qarşısında) tam təslim deyildirlər, (həqiqi) iman gətirməmişlər.”
Nöqtələr
Mühacirlərdən olan Zübeyr ibn Əvvamla ənsardan olan bir şəxs arasında xurma bağlarını suvarmaq üstündə mübahisə düşdü. Peyğəmbər (s) belə bir mühakimə yürütdü ki, bağın üst hissəsi Zübeyrin olduğundan əvvəlcə bağı o suvarmalıdır. Ənsardan olan şəxs peyğəmbərin mühakiməsindən narahat oldu və dedi: "Zübeyr sənin əmioğlun olduğu üçün onun xeyrinə mühakimə yürütdün!” Peyğəmbərin rəngi dəyişdi və bu ayə nazil oldu. Təəccüblüdür, özləri Allahın rəsulunu mühakimə üçün seçdikləri halda boyun qaçırırlar!
İmam Sadiq (ə) buyurmuşdur: "Namaz, həcc və zəkat əmrlərini yerinə yetirib peyğəmbərin işlərinə sui-zənlə yanaşanlar əslində mömin deyildirlər.” Sonra imam bu ayəni tilavət etdi.("Təfsire-Nurus-səqəleyn” ; "Kafi”, c. 1, səh. 390.)
Bildirişlər
1. Üç iş həqiqi iman nişanəsidir:
a) Mühakimə üçün tağuta, zalım hakimə yox, peyğəmbərə müraciət edilməsi.
b) Peyğəmbərin mühakiməsi haqqında sui-zən edilməməsi.
v) Peyğəmbərin hökmünü ürəkdən qəbul etmək və təslim olmaq.
2. İslam zahirən təslim olmaqdan əlavə, ruhi hala, qəlb təslimçiliyinə kamil diqqət yetirir.
3. Mühakimə risalət və vilayət şənindəndir.
4. Peyğəmbərin mühakiməsinə təslim olmağın vacibliyi həzrətin ismət, paklıq nişanıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.