"Allahdan bağışlanma dilə. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Tanınmış qəbilədən olan bir şəxs oğurluq etdi. Məsələdən həzrət Peyğəmbər (s) xəbər tutdu. Oğru öz günahını evində yaşadığı başqa bir şəxsin boynuna atdı. İttiham olunan şəxs qılıncını çıxarıb böhtançıya hücum etdi və onun öz iddiasını sübuta yetirməsini tələb etdi. Onu sakitləşdirdilər. Amma qəbilənin natiqlərindən biri bir qrup adamla Peyğəmbərin (s) yanına gəlib həmin şəxs üçün bəraət istədilər. Peyğəmbər (s) onların şahidliyinə əsaslanaraq həqiqi oğruya bəraət verdi. Oğurluq haqqında xəbər verən şəxs (Qütadə) Peyğəmbər (s) tərəfindən məzəmmət olundu. Amma Qütadə bilirdi ki, şahidlər yalançıdır. Buna görə də çox narahat idi. Bu vaxt ayə nazil oldu və Qütadənin məzlumiyyəti, gələnlərin yalançı şahidliyi üzə çıxdı.
Ayənin nüzul şəni haqqında başqa bir fikir budur ki, döyüşlərdə birində müsəlmanlardan biri zireh oğurladı. Bu şəxs rüsvay olmaq astanasında ikən oğurladığı zirehi yəhudinin həyətinə atdı. Bir dəstə adamı öyrətdi ki, yəhudinin oğurluğuna şəhadət versinlər. Peyğəmbər (s) onların şəhadətinə əsaslanaraq müsəlmanın günahsız olması haqqında hökm verdi. Amma ayə nazil oldu və yəhudinin günahsızlığı üzə çıxdı.
Bir iddiaya tərəfdarlıq edən şəxsə "xəsim”, qazinin hüzuruna batil bir işi iddia edən şəxs isə "xain” adlanır. ("Təfsire-Rahnüma”)
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mən zahirə əsasən hökm verirəm. Amma siz haqsız olduğunuzu bildiyinizdən mənim mühakiməm əsasında kimsədən bir şey almayın. Bu, cəhənnəmin bir parçasıdır.”
İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərin haqq canişinləri onun özü kimi Quran əsasında mühakimə yürütməlidir.("Kafi”, c. 1, s. 268. )
1. Quran xalq arasında mühakimə və ədalətin dayağıdır.
2. Qazi Quran qanunlarından tam xəbərdar olmalıdır.
3. Quranı və sünnəni tam əxz etmək qaziliyin şərtidir.
4. Quran haqq əsasında nazil olduğundan mühakimələr də haqqa əsaslanmalıdır. Mühakimədə partiya və qövm yaxınlığı, yerliçilik və millətçilik rol oynamır.
5. Hətta qeyri-müsəlmanla da ədalətlə rəftar olunmalıdır. (Ayənin ikinci nüzul şəninə əsasən)
6. Mühakimə peyğəmbərlik şənindəndir. Hökmləri bəyan etmək azdır, onları yerinə yetirmək də vəzifədir.
7. İnsanın kafirliyi ona böhtan atılması üçün əsas ola bilməz. (Ayənin ikinci nüzul şəninə əsasən)
8. Peyğəmbər qanun və kitabdan əlavə, ilahi yardımlardan da faydalanır.
9. Allah Öz peyğəmbərinə Qurandan əlavə proqramlar da buyurmuşdur.
10. Allah Öz peyğəmbərini hifz edir və hiylələri aşkarlayır.
11. Qanun möhtərəmdir. Amma qanundan sui-istifadə edənin qarşısı alınmalıdır. Bu yerdə ilahi yardımlar əl tutur.
12. Xainin müdafiəsi və himayəsi qadağandır.
13. Xainlər dini rəhbərlərin müdafiəsinə ümid etməməlidirlər.
14. Qazilik elə bir məqamdır ki, bu məqamı tutan məsum da olsa, bağışlanma istəyir.
15. Hətta bir yəhudiyə zülm olunduqda, müsəlmanların rəhbəri səhvə yol vermiş müsəlmanlar üçün bağışlanma diləməlidir. Bu, İslamın iftixarıdır.
16. Əgər Quran peyğəmbərin öz kitabı olsaydı, bu kitabda peyğəmbərə istiğfar əmri verilməzdi.
17. Qazi nəfs istəklərindən uzaq olmaq üçün daim istiğfar etməlidir.
18. İstiğfar ilahi bağışlanma və rəhmətdən faydalanma üçün bir əsasdır.
19. Allah günahları bağışlamaqla yanaşı mehribandır.