Əl-Maidə surəsi - Ayə: 110

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 110
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 110. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 110 MÖHSÜN QƏRAƏTİ.

"O zaman ki, Allah buyurdu: "Ey Məryəm oğlu İsa! Nemətimi özünə və anana xatırlat, o vaxt ki, səni Ruhul-qüdslə (Cəbraillə) təsdiqlədim. Beşikdə və böyüdükdən sonra (vəhylə) xalqla danışdın. O vaxt ki, sənə Kitab, Hikmət, Tövrat və İncil öyrətdim. (Unutma o zamanı ki, (Mənim iznimlə gildən quş şəklində bir şey düzəltdin və ona üfürdün, sonra Mənim iznimlə o, quş oldu. Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəsini sağaltdın. O vaxt ki, Mənim iznimlə ölüləri qəbirdən (diri) çıxartdın. Yada sal, o zaman ki, Bəni-İsrailin sənə (zülm əlini) kəsdim. O zaman ki, sən onlar üçün aydın dəlillər gətirdin. Onlardan kafir olanlar (sənin möcüzələrin haqqında) dedilər: Bu, aşkar sehrdən başqa bir şey deyil.”
Nöqtələr
Bu ayədən surənin sonunadək həzrət İsa haqqında danışılır.
Bu ayədə müxtəlif ilahi lütflər və hər şeydən öndə Ruhul-qüdsün həzrət Məsih haqqında təsdiqi qeyd olunur.
Ayənin başlanğıcında buyurulur: «Ey İsa! Yad et anana və sənə verdiyim nemətləri...» Amma ayədə yalnız həzrət İsaya aid olan nemətlər qeyd olunur. Bəlkə də övlada verilmiş nemət anaya verilmiş nemət sayıldığından belə edilir. Ayədə "Ali-İmran” surəsində həzrət Məryəmə verilmiş nemətlər də nəzərdə tutula bilər.  
Kitab dedikdə Tövrat və İncil nəzərdə tutulmaya da bilər. Tövrat və İncilin adı əhəmiyyətinə görə çəkilmişdir.
Həzrət Əlidən (ə) soruşdular: "Ana bətninə düşməmiş peyda olan heyvanın hökmü necədir?” Həzrət buyurdu: "Həzrət İsanın heykələ üfürməsi ilə vücuda gələn quş kimi.” 
Bildirişlər
1. Allahın Öz övliyalarına lütfünün xatırladılması haqq yolçuları üçün ümiddir.
2. Peyğəmbərlər də ilahi nemətləri yaddan çıxarmamalıdırlar.
3. Qadın elə bir məqama çata bilər ki, onun adı peyğəmbərlərlə yanaşı çəkilər. Hətta qadın və onun peyğəmbər övladı birlikdə bir ayə sayılar. 
4. Həzrət İsanın beşikdə danışması həm onun peyğəmbərliyini, həm də anasının paklığını sübuta yetirdi.
5. İsanın beşikdəki danışığı vəhydən bir görüntü idi.
6. İlahi iradə təcrübəyə, qüdrətə, zamanın ötməsinə ehtiyacı aradan qaldırır. Həzrət İsa təcrübəsiz, zaman ötmədən, elə uşaq vaxtında böyük kimi danışdı.
7. Peyğəmbərlərin həm elmi, həm də bəsirəti, həm keçmişdəkilərdən xəbərdarlığı olmalıdır. Onlar həm də yeni bildirişlər gətirməlidirlər.
8. Yaranış sözü Allahdan qeyriləri haqqında da işlədilir.
9. Allahın izni quşların mücəssəməsinin (heykəlinin) hazırlanmasını mümkün etdi.
10. Allahın xüsusi övliyalarının təkvini (təbii) vilayəti var. (Həzrət İsaya "düzəltdin”, "üfürdün”, "çıxardın” deyə müraciətlər olunur.)
11. Həzrət İsanın ecazında həm onun «Məsiha» nəfəsinin, həm heykəl düzəltməsinin rolu vardı.
12. Məsiha nəfəsi cansız cismi hərəkətə gətirdi. Bəni-İsrailin qəlblərini isə hərəkətə gətirmək mümkünsüz oldu.
13. Şirk qorxusu çox olan yerdə tövhid haqqında təkrarlar lazımdır. (Ayədə "Allahın izni ilə” sözləri təkrarlanmışdır.)
14. Bir halda ki, Allah Öz peyğəmbərinə diriltmə və şəfavermə qüdrəti əta edir, demək, xalqın övliyalara təvəssülü caiz olmalıdır. (Necə ola bilər ki, Allah birinə qüdrət versin, amma xalqa həmin kəsə üz tutmağı qadağan etsin?”)
15. Ölülərin dirilməsi və rəcət həmin dünyada baş vermişdir.
16. Bəni İsrailin həzrət İsaya qarşı sui-qəsdini Allah dəf etdi.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.