"O zaman ki, Allah buyurdu: "Ey İsa ibn Məryəm! Sən xalqa demisənmi ki, Allahdan başqa məni və anamı iki məbud olaraq seçin!” (İsa) dedi: "(Pərvərdigara!) Sən pak-pakizəsən. Olmaz ki, mənə layiq olmayan yersiz söz deyəm. Əgər demiş olsaydım, Sən onu bilərdin. (Çünki) Sən mənim qəlbimdə və canımda olanları bilirsən. Mən isə Sənin zatında olanlardan xəbərsizəm. Həqiqətən, bütün qeybləri bilən yalnız Sənsən!”
Həmin surənin 109-cu ayəsində oxuduq ki, Allah qiyamət günü peyğəmbərləri toplayıb onlardan soruşar: "Xalqdan hansı cavabları eşitdiniz?” Bu ayə həmin gün Allahın həzrət İsa ilə söhbətini bəyan edir.
Bu günkü məsihilər Məryəmi Allah bilməsələr də, onlardan bir qrupu həmin dövrdə Məryəmi Allah saydığından və onun mücəssəməsi qarşısında ibadət etdiklərindən peyğəmbər anasını məbud saymaqda suçlanırlar.
"Dunillah” (Allahdan qeyrisi) şirk nişanəsidir. Yəni bu söz Allahı inkar etmir, amma əlavə məbudlar götürür. Məsələn, məsihilər İsa və Məryəmi də məbud sayırdılar. İndiki məsihilərin üç inamı isə ata, oğul və ruhul-qüdsə ünvanlanmışdır.
İmam Riza (ə) buyurmuşdur: "Mənə münasibətdə iki dəstə həlak olar və mən təqsirkar deyiləm: Onlardan bir qrupu ifrat bağlananlar, digəri səbəbsiz kin saxlayanlardır.”
Həzrət İsanın Allaha təsbih deməsi Allahın şəriksiz olmasının digər bir nişanəsidir. Digər ayələrdə isə Allahı hər növ övladı - istər qız, istər oğul - olmaqdan pak-pakizə sayır.
1. Bəzən bir günahkarın sorğuya çəkilməsi və məzəmməti başqaları üçün də xəbərdarlıq olur. «Qızım sənə deyirəm, gəlinim sən eşit!»
2. Hətta peyğəmbər də olsa, insanın ilahilik iddiası batildir.
3. Peyğəmbərlər məsumdurlar.
4. Peyğəmbərlər öz ardıcıllarının həddi aşmasından narahatdırlar.
5. İnsanın bütün dedikləri və iç sirləri Allah üçün aydındır.
6. Allahı bütün bəyənilməmiş sifətlərdən və işlərdən pak bilmək vacibdir.
7. Peyğəmbərlərin elmi məhduddur. Elmi məhdud olan kəsdə məbudluq ləyaqəti yoxdur.
8. Xalqın düşüncələri və sirləri qeybi işlərdəndir və Allah qeyb işlərindən xəbərdardır.
9. Bütün həqiqətlərdən kamil və əhatəli agahlıq Allaha məxsusdur.