Əl-Maidə surəsi - Ayə: 106

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 106
Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 106. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 106 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! Sizlərdən birinin ölümü çatdıqda aranızdan iki adil şəxsi vəsiyyət zamanı şəhadət üçün çağırın. Əgər səfərdə olduğunuz vaxt ölüm bəlası sorağınıza gəlsə (və müsəlman şahid olmasa), iki nəfər qeyrisini şahidlik üçün istəyin. Əgər onların sədaqətinə) şəkk etsəniz namazdan sonra o iki nəfəri saxlayın ki, Allaha and içsinlər (desinlər ki,) biz həqiqəti heç bir qiymətə, qohumlara münasibətdə də olmuş olsa, satmayacaq, heç vaxt ilahi şəhadəti gizlətməyəcəyik və belə etsək günahkarlardanıq.”
Nöqtələr
İbn Əbu Mariyə adlı bir müsəlman Təmim və Ədi adlı iki məsihi ilə (onlar qardaş idilər) ticarət səfərinə getdi. Müsəlman xəstələndi və vəsiyyətnamə yazıb onu yükündə gizlətdi. Yükünü məsihilərə verib onu varislərinə çatdırmalarını tapşırdı. Müsəlmanın ölümündən sonra həmin iki şəxs onun yükündəki bahalı şeyi götürdülər və Mədinəyə qayıtdıqdan sonra qalanını varislərə verdilər. Varislər yükdən vəsiyyətnaməni tapıb xəbər tutdular ki, yükdə nələr olub. Onlar həmin şeyi məsihilərdən tələb etdikdə, onlar deyilənləri inkar edib peyğəmbərin yanına şikayətə getdilər. Məhz həmin halda uyğun ayə nazil oldu. 
"Üsuli-kafi”də nəql olunmuş hədisə əsasən, Peyğəmbər (s) həmin iki şəxsə and içdirdi və onları haqlı saydı. Amma məktub vasitəsi ilə məsihilərin yalanı aşkar olduqdan sonra həzrət onları ikinci dəfə yanına çağırdı və varislər and içdilər ki, yükdə başqa dəyərli şeylər də olub. 
Bildirişlər
1. Ölüm astanasındakı məqam vəsiyyət üçün son fürsətdir.
2. Ölüm hamının sorağına gəlir.
3. Vəsiyyət zamanı mömin şəxs çox diqqətli olmalıdır.
4. Xalqın haqqını qaytararkən iki ədalətli şahid tapın.
5. Xalqın haqqını qaytararkən əgər müsəlman tapılmasa, qeyri-müsəlmandan istifadə edin. (Amma həmin qeyri-müsəlman Allahı qəbul etməlidir ki, Onun müqəddəs adına and içə bilsin.)
6. Xalqın hüququnu hər yerdə qorumaq zəruridir.
7. Haqqı qaytarmaq üçün bütün şəkk-şübhələri dəf edin.
8. And şəkki aradan qaldırmaq yollarındandır.
9. Yalnız Allah adına içilən and dəyərli və mötəbərdir.
10. Haqların ödənməsində dini, ilahi səhnələrdən, müqəddəs məkan və zamanlardan faydalanın. Bir şəxs Həzrət Əlidən (ə) beytül-mal (ümumi dini büdcədən əlavə pay) istədi. Həzrət buyurdu ki, həmin şəxs cümə günü gəlsin. Cümə günü Həzrət Əli (ə) həmin şəxsi cümə namazına aparıb izdihamı ona göstərərək buyurdu: "Sənin yersiz istəyin bu xalqın malını oğurlamaq mənasındadır.” Hədisdən görünür ki, Həzrət Əli (ə) öz nurani kəlamlarının təsirli olması üçün namaz, cəmiyyət və cümə günündən istifadə edir.
11. Haqların ödənməsində ən münasib fürsətlərdən faydalanmaq lazımdır. (Namaz paklıqda və yalandan uzaqlaşmada rol oynayır.)
12. Pul əldə etmək istəyi azğınlıq amillərindən biridir.
13. Qohumluq əlaqələri və məhəbbət azğınlıq amillərindəndir.
14. Yalnız xalqın haqqı (həqqün-nas) ilə bağlı andnamənin mətni vəhy yolu ilə diqtə olunmuşdur.
15. Andda haqqı gizlətmək və xəyanət ədalətli şəxsi günahkar edər. Bütün ilahi dinlərdə bu iş haram sayılmışdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.