"Nə vaxt onlara "Allahın nazil etdiyinə və peyğəmbərə doğru gəlin” deyilirsə, belə cavab verirlər: "Atalarımızı hansı əqidədə görmüşüksə, bizə yetər.” Halbuki onların ataları bir şey bilmirdilər və hidayət olmamışdılar. (Onlar yollarını azmışdılar. Nə üçün onların yolunu getməlidirlər?)
Bəlkə də ayə əvvəlki ayədə haqqında danışılan xurafatlara aiddir. Onlara «xurafatdan əl çəkin» deyildikdə atalarının yolunu misal göstərirlər.
1. Quran xalqı Allahın və Onun peyğəmbərinin göstərişlərinə ardıcıllığa çağırır.
2. İslamın dəvətinin qəbulu ilahilik və inkişaf səbəbidir. (Ayədəki "təaləv” sözü ülvilik və inkişafa doğru hərəkət mənasını bildirir.)
3. Əsas babaların əqidəsi yox, ilahi əqidədir.
4. Quran təklikdə bəs etmir. Allah rəsulunun sünnəsi, yolu, hökuməti əməl ölçüsüdür.
5. Xurafat əhli, həddi aşan fərdlər haqqı eşitmək gücündə deyil.
6. Əsas nə keçmişə aid əqidələrdir, nə yeniliklər. Əsas elm və hidayətdir.
7. Vicdanımızı özümüzə hakim seçək.
8. Keçmişdəkilərə ədəblə yanaşmaq lazımdır. Onların cahilanə əqidələrinə tabeçilik isə yersizdir.
9. Kor-koranə təqlid düşüncəsizlik nişanəsidir. Əvvəlki ayədə düşüncəsizlikdən, bu ayədə babalara münasibətdə təəssübdən danışıldı.
10. Cahilin cahilə təqlidi mənasızdır.
11. Hidayəti qəbul edən cahil təhlükəsizdir. Əsl təhlükə hidayəti qəbul etməyən cahillərdədir.