"Rəhman və Rəhim Allahın adı ilə”
Nöqtələr
Dünya xalqları arasında belə bir adət var ki, mühüm və dəyərli işlərə möhtərəm və sevimli böyüklərin adı ilə başlanılsın. Belə bir başlanğıc işin gözəllik, bərəkət, müvəffəqiyyətlə başa çatması səbəbi sayılır. Belələri istər doğru, istərsə də çaşqın etiqadlarına əməl edirlər. Kimi yardım üçün bütlərə və zalım hakimlərə, kimi də Allaha və Onun övliyalarına əl uzadırlar. Yada salaq ki, Xəndək döyüşündə yerə ilk külüncü həzrət peyğəmbər vurdu.("Bihar”, c. 20, s. 218. )
İlahi kitabın müqəddiməsi
"Bismillahir-rəhmanir-rəhim”dir. "
Bismillah” təkcə Quranın yox, bütün ilahi kitabların başlanğıcında olmuşdur. Bütün peyğəmbərlər öz işlərinə "
Bismillah”la başlamışlar. Həzrət Nuhun gəmisi tufan zamanı dəli dalğalar arasına düşdüyü vaxt Nuh öz yoldaşlarına dedi: "Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir.”
(Bax: "Hud”, 41. ) Həzrət Süleyman Səba mələkəsini (qadın hakim) imana çağırdığı vaxt öz dəvətnaməsini "bismillahir-rəhmanir-rəhim”lə başladı.
(Bax: "Nəml”, 30. )
Həzrət Əli (ə) buyurmuşdur: "Bismillah” işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir.” Həzrət "bismillah” yazan bir kişiyə deyir: "Onu gözəl yaz.”(Kənzül-ümmal”, h. 29558. )
Bütün işlərdən qabaq "bismillah” demək tapşırılmışdır. Yeməkdən və yatmazdan, yazmaqdan və oxumağa başlamazdan, süvar olmazdan və yola çıxmazdan qabaq "bismillah” demək tövsiyə edilir. Hətta "bismillah” deyilmədən kəsilən heyvanın əti haram sayılır. Belə görünür ki, təkallahçı insanların yeməyi də ilahi rəngdə olmalıdır.
Hədisdə oxuyuruq: "Hətta bir beyt şer yazarkən də "bismillah”ı unutma. Uşağa ilk dəfə "bismillah” öyrədən şəxsin mükafatı haqqında rəvayət nəql olunmuşdur("Təfsiri-bürhan”, c. 1, s. 43. )
Sual: Nə üçün bütün işlərdən qabaq "bismillah” demək tapşırılmışdır?
Cavab: "Bismillah” müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır. Hər hansı bir müəssisənin istehsal etdiyi bir məhsulun öz nişanı olduğu kimi, müsəlmanlığın da əlaməti var. Bu nişan həm cüzi, həm də külli ola bilər. Məsələn, bir müəssisə istehsal etdiyi bütün qablara böyük-kiçikliyindən asılı olmayaraq nişan vura bilər. Dövlət idarələrinin üstünə sancılmış, dövlət məmurlarının stolu üstünə qoyulmuş, dövlətə aid gəmilərin uca bir nöqtəsində dalğalanan bayraqları da misal göstərmək olar.
Sual: "Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?
Cavab: Başqa fiqh rəhbərlərindən yüz il qabaq fəaliyyətə başlamış, Allah yolunda şəhadətə çatmış, Quranda paklığı yad edilmiş peyğəmbər Əhli-beytinin (ə) etiqadına görə, "bismillahir-rəhmanir-rəhim” ayəsi Qurana daxil olan müstəqil bir ayədir. Fəxr Razi öz təfsirində "bismillah”ın surə tərkibi olmasına on altı dəlil gətirir. Alusi də belə bir etiqaddadır. Əhmədin "Müsnəd”ində də "bismillah” surə tərkibi sayılmışdır.("Müsnəd”, c. 3, s. 177; c. 4, s. 85.)"Bismillah”ı surədən saymayan və ya onu namazda tərk edənlər etirazla qarşılanmışlar. Hakimin "Mustədrək”ində deyilir: "Bir gün Müaviyə namazda "bismillah” demədi. Xalq ona etiraz edərək dedi: "Ayəni oğurladın, yoxsa yaddan çıxardın?”(Müstədrək”, c. 3, s. 233. )
Məsum imamlar israr etmişlər ki, namazda "bismillah” ucadan deyilsin. İmam Baqir (ə) namazda "bismillah” deməyənlər haqqında buyurmuşdur: "Quranın ən üstün ayəsini oğurladılar.”("Bihar”, c. 85, s.20. )Beyhəqinin "Sünən”ində bir hədisdə belə deyilir: "Nə üçün bəziləri "bismillah”ı surədən saymırlar?("Sünəne-Beyhəqi”, c. 2, s. 50.)
Şəhid Mütəhhəri həmd surəsinin təfsirində İbn Abbası, Asimi, Kəsayini, İbn Öməri, İbn Zübeyri, Ətaini, Tavusu, Fəxr Razini, Süyutini "bismillah”ı surədən sayanlar kimi tanıtdırır.
"Təfsiri-Qurtəbi”də imam Sadiqdən (ə) belə nəql olunur: "Bismillah” surələrin tacıdır.” Yalnız "Bəraət” ("Tövbə”) surəsinin başlanğıcında "bismillah” gəlməmişdir. Həzrət Əlinin (ə) buyruğuna əsasən, bunun səbəbi kafirlərdən və müşriklərdən üz döndərməyi əmr edən "Bəraət” surəsi ilə mərhəmət dolu "bismillah” kəlməsinin uyğun gəlməməsidir.("Təfsiri-Məcməul-bəyan”; "Təfsiri-Fəxr Razi”. )
"Bismillah”ın siması:
1. "Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Riza (ə) buyurmuşdur: "Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.”("Təfsiri-Nurus-səqəleyn”. )
2. "Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. "Allah” adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir. İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur("İsbatul-huda”, c. 7, s. 482. ).
3. "Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.(Bax: "Qəsəs”, 88. )
4. "Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.
5. "Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.
6. "Bismillah” bəndəlik yolunda ilk addımdır.
7. "Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.
8. "Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.
9. "Bismillah” Allahın zikridir. Yəni "bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.
10. "Bismillah” insanın məqsədini açıqlayır. İnsan "bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!
11. İmam Riza (ə) buyurmuşdur: "Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.”("Təfsiri-Rahnüma”. )
Bildirişlər
1. Surənin başlanğıcında "bismillahir-rəhmanir-rəhimin” kəlməsi surədəki mətləblərin haqq və mərhəmət sahibi tərəfindən nazil olmasının rəmzidir.
2. Kitabın "bismillahir-rəhmanir-rəhimlə” başlaması bildirir ki, hidayət, doğru yol yalnız Allaha üz tutmaqla gerçəkləşir.
3. Allah öz bəndələri, bəndələr isə öz məbudları ilə sözə "bismillah”la başlayırlar.
4. Allahın mərhəməti də Onun zatı kimi əbədi və həmişəlikdir.
5. Allahın mərhəmətinin müxtəlif formalarda bəyanı onun israrı nişanəsidir.
6. İlahi kitabın "Rəhman və Rəhim” kəlmələri ilə açılması Quranın ilahi mərhəmət cilvəsinə işarə ola bilər. Necə ki, yaranışın özü və peyğəmbərin göndərilməsi (besət) Allahın lütf və mərhəmət cilvəsidir.