Əl-Fatihə surəsi - Ayə: 7

Məkkəvi Quran-ı Kərim
Əl-Fatihə surəsi - Ayə: 7
(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Fatihə surəsi 7. Ayənin Təfsirləri

NUR TƏFSİRİ : Fatihə surəsi 7 ci ayə MÖHSÜN QƏRAƏTİ.

("Pərvərdigara! Bizi) nemətini şamil etdiyin kəslərin yoluna yönəlt, qəzəbinə düçar olanların, azanların yoluna yox!”

Nöqtələr

Ayədə ilahi nemətə çatanların yolu doğru yol kimi tanıtdırılır. Bu zümrəni peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər təşkil edir.("Nisa”, 69, "Məryəm”, 59. )Bu ilahi insanların yoluna diqqət, bu yolu getmək arzusu, insanın bu arzunu özünə təlqin etməsi onu əyri yoldan qoruyur. Sonra Allahdan istənilir ki, Allah öz bəndəsini qəzəbinə düçar olub azanların yolundan qorusun.
Quranın nəql etdiyi kimi, Bəni-İsrail nemətə çatan qövmlərdən idi. Amma naşükürlüyünə və inadkarlığına görə qəzəbə düçar olmuşdu.
Quranda insanlar üç qismə bölünür: Hidayət nemətinə çatıb sabitqədəm qalanlar, qəzəbə düçar olanlar və azğınlar.
Ayədə nemət dedikdə hidayət neməti nəzərdə tutulur. Çünki əvvəlki ayədə hidayətdən söhbət getmişdir. Bundan əlavə, maddi nemətlər kafirlərin və azğınların da ixtiyarında vardır.
Hidayət olmuşlar üçün də təhlükə vardır. Ona görə də daim Allaha dua etmək və qəzəbə gəlmişlərin və azmışların yoluna düşməmək üçün kömək istəmək lazımdır.
Quranda "qəzəbə düçar olmuşlar” ("Məğzubin”) kimlərdir?
Quranda Firon, Qarun, Əbu-Ləhəb kimi fərdlər, Ad, Səmud, Bəni-İsrail kimi qövmlər qəzəbə düçar olmuş kimi tanıtdırılmışdır.(Nisa”, 116, "Fəth”, 6, "Bəqərə”, 61, "Ali-İmran” 110, 112, "Ənfal”, 16, "Bəqərə”, 108, "Nəhl”, 106, "Mumtəinə”, 1)
Quranda Bəni-İsrailin yaşayış və inkişaf prosesi bəyan olunmuşdur. Onlar bir zaman başqalarından üstün həyat keçirmişlər.("Bəqərə”, 47. ) Amma bu üstünlükdən sonra öz əməl və rəftarları səbəbindən Allahın qəzəbinə gəlmişlər.(Bəqərə”, 61.)Onların taleyindəki dəyişikliyin səbəbi əməl və rəftarlarındakı dəyişiklik olmuşdur. Yəhudi alimləri Tövratın səmavi göstərişlərini təhrif etdilər.("Nisa”, 46. ) Onların tacirləri və sərvətliləri də sələm, haram və dünyapərəstliyə üz tutdular.("Nisa”, 161.)Xalqın da böyük hissəsi cihad və mübarizə qarşısında dünyapərəstlik və qorxu səbəbindən cəbhəyə getməkdən, müqəddəs əraziyə daxil olmaqdan imtina etdilər.("Maidə”, 24.) Bu azğınlıqlar səbəbindən Allah onları izzət və fəzilət zirvəsindən zillət və alçaqlıq uçurumuna endirdi.
Biz hər namazımızda Allahdan istəyirik ki, qəzəbə düçar olmuşlar kimi olmayaq. Yəni Quranı təhrif etməkdən, sələm əhli olmaqdan, haqq yolda cihaddan qaçmaqdan, eləcə də, yolumuzu azmaqdan amanda qalaq. Haqqı tərk edib batilə üz tutanlar öz din və imanlarında təfrit və ifrata yol verdilər və ya nəfs istəkləri səbəbindən Allahdan qeyrilərinə itaət etdilər.(Maidə”, 77. )
İnsan bu surədə peyğəmbərlərə, şəhidlərə, salehlərə və onların yoluna öz eşqini, dostluğunu izhar edir və tarixin qəzəbə düçar olanlarına və azğınlarına arxa çevirir. Bu, təvəlla və təbərranın (Allah yolunda dostluq və düşmənçiliyin) bir nümunəsidir.
Quranda "azğınlar” ("zallin”):
Zəlalət sözü Quranda iki yüz dəfəyə yaxın zikr olunmuşdur. Bu, söz bəzən çaşqınlıq ("Maidə, 77), bəzən puçaçıxma ("Zuha”, 7), adətən isə "azğınlıq” mənasında işlədilmişdir.
Quranda bir qrup insanlar azğın kimi tanıtdırılmışdır. Bu zümrəyə imanını küfrə dəyişənləri ("Bəqərə”, 108), müşrikləri ("Nisa”, 116), kafirləri ("Nisa”, 136), üsyankarları ("Əhzab”, 36), kafirləri dost tutan müsəlmanları ("Mümtəhinə”, 1), insanları Allahdan uzaqlaşdıranları, Allaha və onun rəsuluna çətinlik yaradanları, haqqı gizlədənləri, Allahın mərhəmətindən ümidini üzənləri nümunə göstərmək olar.
Quranda bəziləri, "azdıran” kimi tanıtdırılmışdır. Bu zümrəyə İblisi, Fironu, Samirini, pis dostu və azğın rəhbərləri göstərmək olar.
Azğınlar özləri azğınlıq şəraiti yaradır, azdıranlar isə bu şəraitdən bəhrələnirlər. Nəfs istəkləri, bütlər, günahlar, batil vilayətin qəbulu, cəhalət və nadanlıq Quranda azğınlıq səbəbi kimi tanıtdırılır.

Bildirişlər

1. İnsan tərbiyədə nümunəyə, ideala ehtiyaclıdır. Peyğəmbərlər, şəhidlər, siddiqlər, salehlər bəşəriyyət üçün ən gözəl nümunələrdir. ("Siratəlləzinə ənəmtə ələyhim”)
2. Allahdan insana nazil olan hər bir şey nemətdir. Qəzəbi isə biz özümüz ərsəyə gətiririk.
3. Qəzəbə düçar olmuşlara və azğınlara qarşı izhar olunan nifrət azğın hakimlər qarşısında İslam cəmiyyətinin mövqeyini möhkəmləndirir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.