"Bir-birinizi qətlə yetirən, özünüzdən bir qrupu diyarlarından xaric edən, onlara qarşı günah və təcavüzdə bir-birinizə arxa duran sizsiniz. Amma əgər həmin adamlar əsir halda yanınıza gəlsələr (azad etmək üçün) onların fidyəsini ödəyirsiniz. Hansı ki, (təkcə öldürmək yox, həm də) onları ixrac etmək sizə haram idi. Yoxsa səmavi kitabın bəzi göstərişlərinə iman gətirir, bəzilərinə isə kafir olursunuz? Sizlərdən bu işi görən hər bir adamın cəzası bu dünyada rüsvayçılıqdan başqa bir şey olmayacaq. Qiyamət günü isə o yenidən ən çətin əzaba düçar olacaq. Allah gördüyünüz işdən qafil deyil.”
Allah bu ayədə Bəni-İsraili məzəmmət edir ki, onlar etdikləri əhdə baxmayaraq bir-birlərini öldürdülər, bir-birlərini məmləkətlərindən xaric etdilər. Onlar sağlam ailə əlaqələri və məhrumlara əl tutmaq əsasında vahid cəmiyyət yaratmağa vəzifəli olduqları halda, günah və başqalarının haqqına təcavüzdə əl-ələ verib cəmiyyətdə hərc-mərclik, təfriqə yaratdılar, qan tökülməsinə rəvac verdilər. Onların himayəsi ilə zalım hakimlər qətl və sürgünlərə cürət etdi. Təəccüblü budur ki, bu adamlar uyğun didişmələrdə əsir düşdükdə Tövratın hökmünə əsasən fidyə ödəyib onu azad etdilər. Hansı ki, onlar Tövratın qətl, sürgün haqqındakı hökmlərini qulaq ardına vurdular. Onlar bir-birini öldürməyə hazır ikən, bir-birinin əsiri olmağa razı deyildilər. Əgər əsirlik pis idisə, öldürmək ondan da pis idi. Əgər Tövrat fidyə verməklə əsirlərin azad olunmasını əmr edirdisə, qətli və sürgünü qadağan edirdi. Bəli, onlar əslində Allahın əmrinə təslim olmamışdılar. Hər yerdə öz istəklərinə uyğun gələn ilahi ayələri öz səliqələri ilə qəbul edirdilər. Harada ki ilahi hökmlər onların istəyi ilə uyuşmurdu, həmin hökmü ayaq altına alırdılar.
Bu ayədə dinin bir hissəsinin qəbul olunmasının və digər bir hissəsinin kənara qoyulmasının necəliyi haqqında xəbərdarlıq olunur. Fərdi vəzifələrinə əməl edib ictimai vəzifələrinə biganə qalan insan dünyada zəlillik, qiyamətdə əzab intizarında olmalıdır. Bir çoxları namaz və orucun şərtlərini və hökmlərini yerinə yetirdikləri halda, hakim və hökumətə münasibətdə özlərini vəzifəli bilmirlər.
1. Quran insanın başqalarını öldürməsini onun özünü öldürməsi kimi təqdim edir. Məlum olur ki, başqasını öldürmək intihara (insanın özünü öldürməsinə) bərabərdir. Eyni bir cəmiyyət bir bədənin əzaları kimidir.
2. Günah və təcavüzə yardım və həmkarlıq qadağandır. (Hədisdə nəql olunur ki, hər kəs zalıma onun zülm-sitəmində yol göstərib kömək etsə, cəhənnəmdə Fironun vəziri Hamanın yanında olacaq. Hətta zalım üçün kağız-qələm hazırlamaq da düz deyil. İmam Kazim (ə) tanınmış müsəlmanlardan birinə buyurmuşdur: "Həcc səfəri məqsədi ilə də olsa, xəlifə Harun ər-Rəşidə dəvə kirayə vermək olmaz.”("Hud”, 91. )
3. İmanın əlaməti əməldir. Dini göstərişlərə əməl etməyən insan imansız kimidir. Quran insanın bəzi göstərişlərə əməl edib, bəzi göstərişlərdən boyun qaçırmasını tənqid edərək buyurmuşdur: "Nə üçün bəzi şeyə iman gətirir, bəzisinə qarşı küfr edirsiniz? "
4. Həqiqi imanın nişanəsi insanın öz şəxsi səliqəsi və meylinə zidd ilahi göstərişlərə əməl etməsidir. Könül istəyən ilahi göstərişlərə əməl etmək həqiqi iman ölçüsü sayılmır.
5. Bəzi ayələrə qarşı küfr əslində bütün hökmlərə qarşı küfrdür. Ona görə də ayələrdən bir qisminə əməl etməyənlərin cəzası dünyada zəlillik, qiyamətdə isə əzabdır.