Əl-Bəqərə surəsi - Ayə: 84

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 84
Və (yadınıza salın) o zaman(ı) ki, sizdən «bir-birinizin qanını tökməyin, bir-birinizi öz evlərinizdən çıxarmayın!» (deyə) əhd-peyman aldıq. Sonra (siz öz əhd-peymanınızı) etiraf etdiniz və ona şahidsiniz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 84. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 84 MÖHSÜN QƏRAƏTİ.

"(Xatırlayın) sizdən bir-birinizin qanını tökməməyiniz və bir-birinizi öz məmləkətinizdən çıxarmamağınız haqqında əhd aldığımız zaman, (bu əhdi) iqrar etdiniz və özünüz buna şahidsiniz.”
Nöqtələr
Bəni-İsraildən xalqın qanını möhtərəm tutmaq barədə alınan əhd dedikdə, "Maidə” surəsinin 32-ci ayəsi də nəzərdə tutula bilər. Ayədə buyurulur: "Bəni-İsrail üçün yazdıq ki, hər bir şəxs dəlilsiz və günah üzündən kimsəni öldürsə, sanki bütün xalqı öldürmüşdür.”
Yaşamaq haqqı insanın ilkin haqqıdır. İnsanı öldürmək kəbirə (böyük) günahlardandır. "Nisa” surəsinin 93-cü ayəsində oxuyuruq: "Hər kəs azad şəkildə və bilərəkdən bir müsəlmanı öldürsə, həmişəlik cəhənnəmdədir və Allahın qəzəbinə düçardır.” Eləcə də, "Maidə” surəsinin 32-ci ayəsində bir nəfəri heç bir dəlil olmadan öldürmək bütün xalqı öldürməyə bərabər sayılır. Hədisdə isə belə buyurulur: "Öldürülənin bütün günahları qatilin boynunadır.” Başqa bir hədisdə belə nəql olunmuşdur: "Əgər səmaların və yerin bütün əhli bir nəfərin qətlində şərik olsa, hamısı cəhənnəmə düşəcək.”
Zalım hakimlərin yolu budur ki, öz mövqelərini möhkəmləndirmək üçün qalalar və saraylar tikir, xalqı avara qoyub onları incidir, alçaldırlar. Hansı ki, borc sahibi öz borclusuna evini satdıra bilməz, bir şəxs məsciddə yer tutsa, kimsə həmin yerdə namaz qıla bilməz. Hər kəs başqa birindən qabaq, iş, ibadət və ya əkin üçün bir yer seçsə, kimsənin ixtiyarı yoxdur ki, ondan qabağa keçsin.
"Özünüz iqrar etdiniz və özünüz şahidsiniz” cümləsi ilə peyğəmbər dövründəki yəhudilərin tənqid olunması onların əcdadlarının əməllərinə görə idi. Bəli, hər kəs keçmişdəki şəxsin və ya qövmün işi ilə razılaşsa, onun şəriki sayılır.
Bildirişlər
1. Mühüm işlərin icrasından arxayın olmaq üçün sifariş və əmr kifayət deyil. Əminlik üçün əhd almaq lazımdır.
2. Ruhun və cismin əmin-amanlığı bütün ilahi məktəblərin sifarişidir.
3. Vətənə bağlılıq fitri və təbii haqdır. Bu haqqı tapdamaq aşkar zülmdür.
4. Cəmiyyət vahid bir vücud, fərdlər isə onun əzaları kimidir. ("Dimaəkum” və "Ənfusəkum” kəlmələrindən anlaşılır ki, bir nəfəri öldürmək və ya ixrac etmək insanın özünü öldürməsi və ixrac etməsi kimidir.) Sədi deyir:
Bir-birinin əzasıdır hər adəm,
Bütün bəşər yaranmış bir gövhərdən.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.