28. كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.”
Allahı tanımağın (allahşünaslığın) ən yaxşı yolu özümüz və aləmin yaranışı haqqında düşünməyimizdir. Həzrət İbrahim Allahın varlığını sübut edərkən buyurmuşdur: "Mənim Allahım bir kəsdir ki, dirildir və öldürür.”("İbrahim”, 24. ) Həyatın yaranması və ölüm haqqında düşüncələr həyatın başqa bir varlıq tərəfindən yaradıldığını onun nəzərinə çatdırır. Əgər həyatı insan özü yaratmış olsaydı, onu əbədi edərdi. İnsan düşünür: "Nə üçün nə vaxtsa olmayıb, sonra olub, daha sonra isə yenidən olmayacaq?” Allah buyurur: "İndi ki, cansız ikən cana gəldiyinizi gördünüz, bilin ki, qiyamət günü də dirilməyiniz eyni cürdür.”
Həyat məsələsinin mahiyyəti məchul olsa da, onun əsərləri insanın vücudunda görünməkdədir. Həyatın xaliqinin də mahiyyəti dərk olunası deyil. Amma Onun da əsərləri hər şeydə aşkardır.
1. Əql və fitrətdən sorğu təbliğ və hidayət üsullarından biridir. ("Kəyfə təkfurunə...”)
2. Həyat və ölüm haqqında düşüncə Allahın varlığının isbatının ən üstün dəlilidir. ("Kuntum əmvatən”) Özünütanıma allahşünaslığın müqəddiməsidir.
3. İlahi dünyagörüşündə, həyat və ölümdə məqsəd təkamül və kamal mənbəyinə dönüşdür. ("Summə iləyi turcəun”) Mövləvi öz "Məsnəvi”sinin üçüncü dəftərində deyir:
|
Torpaq ikən ölüb cücərti oldum,
Bir də ölüb heyvan yerində qaldım.
Heyvan ikən ölüb döndüm insana,
Ucalıq verirmiş ölüm bu cana.
Kaş bir daha dadım onun tamını,
Bilinməz məqamda alım kamımı.
|