Əl-Bəqərə surəsi - Ayə: 21

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 21
Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 21. Ayənin Təfsirləri

NUR TƏFSİRİ : Bəqərə 21 ci ayə MÖHSÜN QƏRAƏTİ.

21. يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqva əhlindən olasınız.”
Nöqtələr
Qanun kitablarındakı maddələr xitabsız bəyan olunur. Amma Quran xalqın ruhu və mənəviyyatı ilə bağlı qanun kitabıdır. Ona görə də o öz göstərişlərini xitabla bəyan edir. Qurandakı xitablar müxtəlifdir. (Bəzən "Ey xalq”, bəzən "Ey iman gətirənlər” kimi müraciətlərlə rastlaşırıq.)
Dünyanın və insanın yaradılmasında məqsəd insanın təkamülüdür. Yəni, varlıq aləminin yaradılmasında məqsəd insanın bəhrələnməsidir.("Zariyat”, 56.) İnsanın təkamülü onun ibadətindən asılıdır.("Bəqərə”, 21. ) İbadətin əsəri təqvaya çatmaq("Bəqərə”, 189. ), təqvanın nəhayəti qurtuluşdur.("Qüreyş”, 3, 4. )
Sual: Nə üçün Allaha ibadət edək?
Cavab: Quranın bir neçə yerində bu sual belə cavablandırılmışdır:
–Çünki Allah sizin xaliqiniz və tərbiyəçinizdir. ("Ubudu Rəbbəkumulləzi xələqəkum”)
–Çünki sizin ruzinizi və əmniyyətinizi təmin edən Odur.("Taha”, 14. )
–Çünki Ondan başqa məbud yoxdur.("Nisa”, 43. )
İnsanın ibadəti Yaradanın yox, insanın yaranış hədəfidir. Onun bizim ibadətimizə ehtiyacı yoxdur. Əgər bütün yer əhli kafir olsa da, Ona zərər dəyməz. Necə ki, evin üzünün günəşə və ya arxasının günəşə tikilməsinin günəş üçün fərqi yoxdur.
Allah bizim xaliqimiz, ruzi verənimiz və mürəbbimiz olduğundan Ona ibadət etmək vacib olsa da, yenə bu vəzifəni yerinə yetirdiyimiz üçün Allah bizə mükafat verir. Bu Onun çox böyük lütfüdür.
İnsanı ibadətə vadar edən növbəti işlərdir:
1. Bizim xaliqimiz, ruzi verənimiz və tərbiyəçimiz olan Allahın nemətlərinə diqqət;
2. İnsanın öz fəqirlik və ehtiyacına diqqəti;
3. İbadətin təsir və bərəkətinə diqqət;
4. İbadəti tərk etməyin pis təsirlərinə diqqət;
5. İnsan diqqət etməlidir ki, bütün varlıq aləmi Ona müti olub təsbih etdiyi halda, nə üçün o, varlıq aləmindən fərqlənməlidir?!;
6. İnsan diqqət etməlidir ki, eşq və pərəstiş onun ruhundadır. Sevilməyə ondan layiqlisi varmı?!
Sual: Quranda buyurmuşdur: "İbadət et ki, yəqinə çatasan.” Məgər yəqin mərhələsinə çatan insan namazı tərk etməlidirmi?!
Cavab: Əgər deyilirsə ki, hündür bir budağa çatmaq üçün ayaq altına nərdivan qoyulmalıdır, bu o demək deyil ki, həmin şaxəyə çatdıqdan sonra nərdivan götürülməlidir. Bu halda insan hündürlükdən yerə yuvarlanar. İbadətdən ayrılan insan göydən yerə süqut edən kəsə bənzəyir. Bundan əlavə, həzrət peyğəmbər və məsum imamlar kimi yəqin məqamına çatan insanlar bir an belə olsun ibadətdən ayrılmamışlar. Demək, ayənin məqsədi ibadət üçün məhdudiyyət təyin etmək yox, onun əsərlərini bildirməkdir.
Ayə və rəvayətlərdə ibadət şivələri və onun şəraitləri bəyan olunmuşdur. Yeri çatanda bu barədə danışacağıq. Amma bu ayə Allahın insana xitabən ilkin fərmanı olduğundan onun necəliyini aydınlaşdırmaq üçün başlıqlar bəyan edirik:
1. Məmuranə ibadət, yəni xurafata yol vermədən Onun göstərişləri əsasında.
2. Agahanə ibadət, yəni bilək ki, kimə üz tutmuşuq və məbudumuz kimdir?("Kəhf”, 110. )
3. Xalisanə ibadət("Mu`minun”, 2. ).
4. Xaşeanə (müticəsinə) ibadət("Bihar”, c. 70, s. 251. ).
5. Məxfiyanə ibadət. Həzrət peyğəmbər məxfi ibadətin üstünlüyünü qeyd etmişdir.("Bihar”, c. 70, s. 253. )
6. Aşiqanə ibadət. Həzrət peyğəmbər eşqlə yerinə yetirilən ibadətin fəzilətini qeyd etmişdir.("Taha”, 53; "Mulk”, 15. )
Bir sözlə, ibadətin üç şərti vardır:
a) Təharət və qiblə kimi düzgünlük şərti;
b) Təqva kimi qəbul şərti;
v) Agahlıq, mütilik, məxfilik, eşq kimi kamal şərtləri. (Daha ətraflı məlumat almaq üçün müəllifin "Əsrare-namaz” və "Təfsiri-namaz” kitablarına müraciət edin.)
Bildirişlər
1. Peyğəmbərin (s) dəvəti ümumidir və bütün xalqı əhatə edir. ("Ya əyyuhənnas”)
2. İbadətin fəlsəfəsi nemət sahibinə şükür etməkdir. ("Əbudu rəbbəkumulləzi xələqəkum”)
3. İlk nemət yaranış, ilk göstəriş xaliq qarşısında əyilməkdir. ("Ubudu Rəbbəkumulləzi xələqəkum”)
4. Məbada ata-babalarımızın bütpərəstliyi və azğınlığı bizi Allaha ibadətdən uzaqlaşdıra. ("Vəlləzinə min qəblikum”)
5. İbadət təqva amilidir. Təqva yaratmayan ibadət ibadət deyil. ("Ubudu... ləəlləkum təttəqun”)
6. Öz ibadətinizlə qürrələnməyin. Hər ibadət təqva yaratmır. ("Ləəlləkum təttəqun”)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.