Əl-Bəqərə surəsi - Ayə: 134

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 134
Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 134. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 134 MÖHSÜN QƏRAƏTİ.

"Onlar bir ümmət idilər ki, ölüb getdilər. Onların əldə etdikləri özlərinə, sizin əldə etdikləriniz isə özünüzə aiddir. Onların etdiyi işlərə görə siz sorğuya çəkilməyəcəksiniz.”
Nöqtələr
Bəni-İsrailin səhvlərindən biri bu idi ki, öz babaları ilə ifrat dərəcədə fəxr edir və babalarına itaət etdikləri üçün səhvlərinin bağışlanacağını düşünürdülər. Ayə onlara xəbərdarlıq edir ki, keçmişdəkilər öz əməllərinə cavabdeh olduqları kimi, siz də öz əməllərinizə cavabdehsiniz.
"Ğurərul-hikəm” kitabında Həzrət Əlinin (ə) dilindən belə nəql olunmuşdur: "Şərafət və böyüklük babaların və keçmişdəkilərin çürümüş sümüklərinə yox, ali və uca himmətlərə və səylərə bağlıdır.” Tarixdən məlum olur ki, insanlar öz əməlləri sayəsində gələcəklərini müəyyənləşdirmişlər. Fironun arvadı behişt əhli olur. Lutun arvadı isə öz pis işlərinə görə cəhənnəmə sürüklənir. Bütün bunlar Allah-təalanın haqq-ədalət və nizam nümunələridir.
Bir hədisdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: "Ey Bəni-Haşim, məbada başqa xalqlar öz axirətləri üçün çalışsınlar, siz isə öz nəslinizlə fəxr edəsiniz.”
Bildirişlər
1. Qohumluq əlaqələri qiyamətdə faydasızdır.
2. Hər bir fərdin və hər bir cəmiyyətin gələcəyi onun əməllərindən asılıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.