NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 133
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Siz (yəhudilər) Yaqubun ölümü çatdığı vaxt hazır oldunuzmu?! O zaman ki, övladlarına dedi: "Məndən sonra nəyə pərəstiş edərsiniz?” Dedilər: "Sənin və ataların İbrahim, İsmail və İshaqın Allahına, bir Allaha. Biz Onun qarşısında təslimik.”
Nöqtələr
Yəhudilərdən bir qismi inanıb, iddia edirlər ki, Yaqub ölümü zamanı oğlanlarına yəhudilərin bütün təhriflərlə birgə qəbul etdiyi dini tapşırdı. Güya onlar bu səbəbdən öz dinlərinə bağlıdırlar. Allah onların bu iddia və etiqadını inkar edərək ortaya belə bir sual qoyur: Siz Yaqubun ölümü zamanı onun yanında idinizmi? Bəlkə o öz övladlarından İslam və Allah qarşısında təslimçiliyi istəmişdir? Bəli, Yaqubun övladları ona vəd etdilər ki, yeganə Allaha ibadət və pərəstiş edəcək və Onun qarşısında təslim olacaqlar.
Quranda baba və əmi "ata” ("əb”) kimi ya dedilir. Çünki İbrahim Yaqub övladlarının babası, İsmail isə onların əmisi idi.
Bildirişlər
1. Söz elm və agahlığa əsaslanmalıdır.
2. Ölüm hamının sorağına gəlir, hətta peyğəmbərlərin də!
3. Həyatın ən həssas məqamı ölüm məqamıdır. Ən həssas məsələ din və əqidə məsələsi, ən həssas müxatəb (xitab olunan) insan nəslidir.
4. Ölüm zamanı moizənin çox dərin təsiri var.
5. Atalar övladlarının dini baxımdan gələcəyinə diqqətli olmalıdırlar. Hətta peyğəmbərlərin də övladları üçün dinsizlik qorxusu var.
6. Bütün peyğəmbərlər Allaha ibadət və Onun qarşısında təslimçiliyi tapşırmışlar.
7. Yalnız Allahın fərmanı qarşısında təslim olaq.