Əl-Bəqərə surəsi - Ayə: 136

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 136
(Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 136. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 136 MÖHSÜN QƏRAƏTİ.

"(Ey müsəlmanlar,) deyin ki, biz Allaha, bizə və İbrahimə, İsmailə, İshaqa, Yaquba, Əsbata (Yaqub övladından olan peyğəmbərlərə), eləcə də, Musaya, İsaya və başqa peyğəmbərlərə Allah tərəfindən nazil edilənə iman gətirmişik. Biz onların heç birini bir-birindən ayırmırıq və Allahın qarşısında təslimik.”
Nöqtələr
Ayədə müsəlmanlara göstəriş verilir ki, öz müxaliflərinə belə desinlər: Biz Allaha, haqq olan bütün peyğəmbərlərə və Allah tərəfindən nazil edilənə iman gətirmişik. Özünəgüvənmə və ya irqi təəssüblər hansısa hökmü qəbul, hansısa hökmü inkar etməyimizə bais olmur. Biz istər həzrət İbrahimdən qabaq gəlmiş Adəm, Şeys, Nuh, Hud, Saleh kimi peyğəmbərlərə, istərsə də İbrahimdən sonra gəlmiş Süleyman, Yəhya, Zəkəriyya kimi peyğəmbərlərə iman gətirmişik. Aşkar dəlil və möcüzə ilə gəlmiş bütün peyğəmbərləri ağlımızın hökmü ilə qəbul edirik.
"Əsbat” nəvə mənası verən "sibt” kökündəndir. Bu söz Yaqubun on iki övladından vücuda gəlmiş on iki Bəni-İsrail qəbiləsinə işarədir. Onların arasında peyğəmbərlər olmuşdur.
"Və ma utiyə Musa və İsa”, yəni sizdə olan hər şeyi yox, həmin iki peyğəmbərdə olan hər şeyi qəbul edirik. Ona görə də "və ma utiytum” təbiri işlədilməmişdir. Əgər çıxış yolunu yalnız məsihilik və ya yəhudilikdə gördüyünüz üçün dəvətinizi qəbul etmiriksə, dəlilimiz budur ki, Allahın dinində xurafatlar yaratmısınız. Əslində isə biz həqiqi Tövrat və İncili qəbul edirik. Bu həmin səmavi kitablardır ki, onlarda İslam peyğəmbərinin zühur və besəti haqqında xəbər verilmişdir.
Bildirişlər
1. Bütün peyğəmbərlərə və səmavi kitablara inanmaq lazımdır.
Bəzi peyğəmbərlərin inkarı bütün peyğəmbərlərin inkarıdır. Həqiqi müsəlman bütün ilahi peyğəmbərlərə imanlıdır.
2. Biz bu gün Tövrat və İncil adı ilə təqdim olunan təhrif olunmuş kitablara yox, Musa və İsaya nazil olanlara imanlıyıq.
3. Qəlbi imanla yanaşı, əməldə təslimçilik lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.