Ali-İmran surəsi - Ayə: 49

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 49
Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 49. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 49 MÖHSÜN QƏRAƏTİ.

"Bəni-İsrailə bir peyğəmbər (İsanı) göndərdi ki, desin: Həqiqətən, mən Allahınız tərəfindən sizin üçün nişanə gətirmişəm. Mən sizin üçün gildən quş şəklində (bir şey) düzəldərəm. Onu üfürərəm, o da Allahın iradə və izni ilə bir quş olar. Eləcə də, Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanları sağaldaram. Ölüləri dirildərəm, yedikləriniz və evdə topladıqlarınız haqqında sizə xəbər verərəm. Həqiqətən, əgər iman gətirmiş olsanız, bu möcüzələrdə sizin üçün nişanə və ibrət var.”
Nöqtələr
Təhlükə qorxusu olduqda işə daha çox diqqət yetirilməlidir. Ölülərin dirildilməsində, korlara və sair xəstələrə şəfa verilməsində əqidə çaşqınlığı qorxusu var. Ona görə də bu ayədə iki dəfə, "Maidə” surəsinin 110-cu ayəsində dörd dəfə Allahın izni xatırladılmışdır.
İsanın ilahi lütf və qəhrlə müşayiət olunan risaləti Bəni-İsrailə məxsusdur. Amma onun təbliğ və irşad məsələləri ilə bağlı nübüvvəti bütün insanlar üçündür. Necə ki, həzrət Musaya xitab olunur: "Fironun yanına get, həqiqətən, o azğınlaşıb.”("Taha”, 24. ) Amma şəhər sehrbazları həzrət Musanın möcüzələrini görüb ona iman gətirirlər. Göründüyü kimi, həzrət Musanın Fironla bağlı xüsusi, xalqla bağlı ümumi vəzifəsi var.("Təfsire-Əl-mizan”.)
Hər bir peyğəmbərin möcüzəsi olmalıdır və həmin möcüzə dövrün şərait və düşüncəsinə uyğun gəlməlidir. İmam Riza (ə) buyurmuşdur: "İsa zühur etdiyi dövrdə xəstəliklər baş alıb gedirdi və xalq təbibə xüsusi ehtiyac duyurdu!”("Uyune-əxbarrir-Riza”, c. 2, səh. 80. ) Bu səbəbdən həzrət İsanın möcüzələri xəstələrin şəfası ilə bağlı idi.
Əgər ilahi rəhbər gildən quş düzəldirsə, qiyamət günü ilahi qüdrətlə ölülərin dirildilməsi çətin iş sayılmamalıdır.
Bildirişlər
1. Möcüzə Allahın rübubiyyət cilvələrindən olub, bəşəriyyətin hidayət və tərbiyəsinə xidmət edir.
2. Allahın övliyaları Onun izni ilə yaranış nizamına təsir göstərə bilir.
3. Peyğəmbərlər qeyb elminə malikdirlər və xalqın xırda işlərindən də xəbərdardırlar. İmam Sadiq (ə) buyurur ki, «həzrət İsa yeddi yaşında olarkən xalqın evində olanlar haqqında məlumat verirdi.("Bihar” , c. 14, səh. 251. )»
Müəllif: MÖHSÜN QƏRAƏTİ.