"İsa onlardan (Bəni-İsraildən) küfr hiss etdiyi üçün dedi: "Allaha doğru (hərəkətdə) mənim köməkçilərim kimlərdir?” Həvarilər (həzrət İsanın xüsusi şagirdləri) dedilər: "Bizik Allahın (dininin) köməkçiləri, Allaha iman gətirmişik və sən (ey İsa!) şahid ol ki, biz təslimik.
Bəni-İsrail həzrət İsanın ölüləri diriltdiyini, korlara şəfa verdiyini görsə də, yenə inadkarlıq edib küfr danışdı. İmam Sadiqin (ə) buyuruğuna görə, həzrət İsa onların küframiz sözlərini eşidirdi("Bihar” , c. 14, səh. 373. )
"Həvari” sözünün cəm forması olan "həvariyyun” ("həvarilər”) "yolu dəyişən” mənasını bildirir. Həvarilər xalqı azğınlıq yolundan ayırıb, doğru yola yönəlirdilər.(Ət-təhqiq fi kəlimatil-Quran. ) Onlar on iki nəfər idilər. Onların adı Mətta və Luqa İncillərində bəyan olunmuşdur. İmam Riza (ə) buyurur: "Bu insanlar həm özlərini pak və nurani etmişdilər, həm də başqalarını pak etmək üçün çalışırdılar.”("Təfsire-nümunə”. )
"Kafi” kitabında İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "İsanın həvariləri əməl mərhələsində onu yalnız qoydular. Bizim həvarilər isə can bahasına müxtəlif bəlalardan keçirlər.”("Kafi”, c. 8, səh. 268. )
1. Xalqın düşüncə və əqidəsini tanımaqda ayıq-sayıq olmaq rəhbərliyin şərtidir.
2. İsanın nəfəsi ölünü dirildir, anadangəlmə kora şəfa verirdi. Bununla belə, inadkar insanlar ibrət götürmürdülər.
3. Peyğəmbərlər inadkar kafirlərlə üzbəüz dayanmışdılar və yardımçıları az idi.
4. Təqvasızlıq və rəhbərə itaətsizlik küfrün bir növüdür.
5. Rəhbər və onun hərəkatının davamı üçün vəfalı qüvvələri tanımaq, onların nizama salınması və haqq cəbhənin batildən seçilməsi zəruridir.
6. Rəhbərlə beyətin (ona itaəti bildirməyin) təzələnməsi siyasi, ictimai və dini əhəmiyyətə malikdir.
7. Peyğəmbərlər xalqa öz mənafeləri üçün yox, Allaha görə üz tuturlar.
8. İlahi çağırışçılara yardım Allaha yardımdır.
9. Dini rəhbərin himayəsində öncüllük dəyərə malikdir. Həzrət İsanın tərəfdarları olsa da, Allah bu tərəfdarlar arasından həvarilər haqqında xoş söz söyləmişdir. Bunun səbəbi onların öncüllüyü və sabitqədəmliyidir.
10. Allah qarşısında təslimçilik məqamı Ona iman mərhələsindən sonra gəlir.
11. Peyğəmbərlər qiyamətdə şahid olacaqlar.