"Qadınlara, oğlan övladlara, qızıl və gümüşdən, yaxşı atlardan, dördayaqlılardan və əkin sahələrindən olan çoxlu var-dövlətə eşq və bağlılıq xalqın gözündə cilvələnmiş nəfs istəklərindəndir. (Halbuki) bunlar dünya həyatının ötəri bəhrəsidir. Yaxşı sonuc yalnız Allahın yanındadır.”
"Qənatir” sözü "qintar” sözünün cəm forması olub çoxlu mal mənasını bildirir. Həmin sözün ardınca gələn "müqəntərə” sözü daha artıq təkid üçündür. Necə ki, "alaf və uluf” minlərcə min deməkdir.
"Xəyl” həm at, həm də süvariyə işarədir. Gözəl biçimə malik olan, yaxşı təlim görmüş, xüsusi üstünlüklərə malik atlara "xəylil-musəvvəmə” deyilir.
İnsana dünyanı gözəl göstərən bəzən onun şəxsi xəyalı, bəzən şeytan təlqinləri, bəzən isə ətrafdakıların təsiri olur.(bax: "Kəhf”, 104; "Fatir”, 8; "Ənam”, 43; "Ğafir”, 37. )
Ayədə sadalanmış dünya cilvələri həmin dövrə aiddir. Hər bir dövrün özünə aid görüntüləri ola bilər. "Qızıl və gümüş” sərvət toplamağa, "at” isə nəqliyyat vasitəsinə işarədir.
Sual: Allah mal və övladın zinət olduğunu qəbul etdiyi halda ("Kəhf”, 46), nə üçün ayədə bu şeylər tənqid olunur?
Cavab: Bir şeyin zinət olması ayrı məsələdir, insanın ona qul olması isə ayrı bir məsələ. Ayədə var-dövlətə, övladlara ifrat bağlılıq tənqid olunur.
"Bənin” sözü qızlara da şamil edilə bilər. Necə ki, "abirin” sözü yoldan ötən qadınlara da aid ola bilər.
İmam Sadiq (ə) "Hubbuş-şəhəvati minən-nisa” cümləsi ilə bağlı buyurmuşdur: «İnsanlar dünya və axirətdə ən çox qadınlardan ləzzət alırlar... Behişt əhli də yemək-içməkdən daha çox izdivaca meyillidir.»("Kafi”, c.5, s. 321. ) Bu rəvayət qadının ləzzət baxımından daha üstün rola malik olduğunu göstərir.
1. Maddiyyata təbii meyl bütün insanlarda mövcuddur. Təhlükəli olan isə dünyanın zinətlərinə, görüntülərinə aldanıb, nəfsi özbaşına buraxmaqdır.
2. Dünya gözəllikləri böyük şəxsiyyətlər üçün deyil, adi insanlar üçündür. (Tarixin böyük qadın şəxsiyyətlərindən olan Asya (Fironun arvadı) saray və qızıl-gümüşü dəyərsiz sayırdı.)
3. Ailə-övlada ifrat bağlılıq insanın dünyaya vurğunluğunun ən böyük səbəbidir.
4. Unutmayaq ki, dünyanın zinətləri və gözəllikləri axirətdən xəbərsizliyin müqəddiməsidir.
5. Pis aqibətə düçar olmağın amillərindən biri dünyaya vurğunluqdur. Çünki yaxşı sonuc yalnız Allahın yanındadır.
6. Tərbiyə üsullarından biri maddiyyatın kiçik, mənəviyyatın əzəmətli göstərilməsidir.
7. Təhlükəli meyllərə ən yaxşı nəzarət yolu onların Allahın əbədi lütfü ilə müqayisə olunmasıdır.