Yusif surəsi - Ayə: 110

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 110
(Bizim peyğəmbərlərimiz dəvət, qövmlər isə inkar etdilər və) nəhayət peyğəmbərlərimiz naümid olan və (qövmlər) onlara yalan deyilməsini güman edən zaman (birdən) Bizim köməyimiz onlara yetişdi. Beləliklə istədiyimiz kəslər xilas edildilər. (Əlbəttə,) Bizim əzabımız günahkar qövmdən sovuşdurulmur.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 110. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 110 MÖHSÜN QƏRAƏTİ.

"(Peyğəmbərlərin dəvəti və düşmənlərin müxalifəti davam edirdi) o vaxta qədər ki, peyğəmbərlər (xalqın hidayətindən) ümidlərini üzəcək hala gəldilər və kafirlər güman etdilər ki, (əzab haqqında) onlara yalan deyilmişdir. Həmin vaxt yardımımız onlara yetişdi. İstədiyimiz kəslər nicat tapdı. Amma əzabımız günahkar qövm üzərindən götürülməz.”
Nöqtələr
Tarix boyu peyğəmbərlər xalqın hidayətindən ümidlərini üzənədək ardıcıl və israrlı şəkildə haqqa dəvət etmişlər. İnadkar müxaliflər də öz müqavimətlərindən əl çəkməmişlər. Deyilənlərin bəzi nümunələrini nəzərdən keçirək:
a) Peyğəmbərlərin məyus olması: Həzrət Nuh xalqı ardıcıl şəkildə uzun illər dəvət etdikdən sonra yalnız az bir qisim iman gətirdi. Allah ona buyurdu: "İman gətirənlərdən savay qövmündən bir başqası iman gətirməyəcək.” Nuh ümidsizliyini göstərən nifrinində deyir: "Bunlardan yalnız günahkar və kafirlər doğulacaq.” Hud, Saleh, Şüeyb, Musa, İsanın həyat və fəaliyyətində də xalqın iman gətirməməsindən doğan ümidsizlik nəzərə çarpır.
b) Xalqın peyğəmbərlərə bədgümanlığı: kafirlər peyğəmbərlərin hədələrini uydurma hesab edirdilər. "Hud” surəsinin 27-ci ayəsində oxuyuruq: "Elə düşünürük ki, siz yalançısınız.” Başqa bir ayədə Firon Musaya dedi: "Həqiqətən, sənin ovsunlandığını güman edirəm.”
v) Allahın yardımı: Quran ilahi yardımı Allahın Özü üçün vacib etdiyi haqq sayır. Bəli, Allah möminlərə yardımı Özü üçün zəruri etmişdir. Digər bir yerdə oxuyuruq: "Biz Huda və möminlərə nicat verdik.”
Günahkarların ilahi qəhr-qəzəbdən qurtulmaması ilə bağlı buyurulur: "Allah bir qövmə qəhr etsə, dönüş yoxdur.”
Bildirişlər
1. Daşqəlblilik və inadkarlıq insanda elə bir həddə çata bilər ki, peyğəmbər də ondan ümidini üzər.
2. Xoşgümanlığın, hövsələnin də həddi vardır.
3. Gücünüzü çıxarsız işlərə sərf etməyin, bəzi insanlardan gözünüzü çəkin.
4. Günahkarlara möhlət verib onların əzabını təxirə salmaq ilahi sünnələrdəndir. Peyğəmbərlər məyus olanadək günahkarlara möhlət verildi.
5. İlahi əzabın təxirə düşməsi günahkarların cürət və təkzibinə səbəb olur.
6. İlahi qəhr-qəzəbin nazil olma şərti peyğəmbərin xalqdan ümidini üzməsidir.
7. Peyğəmbərlərə ilahi yardımın da öz vaxtı var.
8. Peyğəmbərlər və həqiqi möminlər ilahi qəzəbə gəlmirlər.
9. Həm qəhr və əzab, həm də lütf və yardım Allahın əlindədir.
10. İnsanın qəzəbə gəlməsi və ya nicat tapması onun öz əlindədir.
11. Allahın istək və iradəsi qanuna əsaslanır.
12. Allah yolunda çıxılmaz vəziyyət yoxdur.
13. Heç bir güc Allahın qəhr-qəzəbinə maneə ola bilməz.
14. Peyğəmbərlərin himayəsi, günahkarların məhvi ilahi sünnədir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.