"Heç vaxt ilahi ayələri təkzib edənlərdən olma. O halda ziyankarlardan olacaqsan.”
Ötən ayədə Qurana şəkk, bu ayədə isə ayələrin təkzibi qadağan olundu. Çox olsun ki, şəkk aradan qalxmasa təkziblə nəticələnər.
Ötən ayədə şəklə bağlı bəyan olunan bütün təhlillər və cavablar bu ayədə də nəzərdən keçirilir. Çünki təkzib şəkdən də pisdir. Bir çox ayə və hədislər Peyğəmbərin (s) uyğun həqiqətlərə yəqinliyindən danışır. Demək, ayələr Peyğəmbərə (s) yox, xalqa ünvanlanmışdır. Bir şəxsin inamından ətrafdakılar güc alırsa, necə ola bilər ki, həmin şəxs özü şəkk və ya təkzibə düçar olsun?!
Peyğəmbərin (s) məsum olmasına baxmayaraq, dəfələrlə Quranda ona xitabən xəbərdarlıq olunur. Bu yolla xalq qəflətdən oyadılır, onların diqqəti öz əməllərinin hesabına yönəldilir.
1. Allah-təala Öz peyğəmbərinə də xəbərdarlıq edir.
2. İman və ilahi rəhbərlik sərmayəsinin əldən verilməsi ciddi ziyandır.