"Bütün möminlərin (cihada) yola düşməsi yaxşı deyil. Nə üçün onların hər bir qövmündən bir dəstəsi dində fəqih (alim) olmaq üçün köç etmir?! (ki, fəqih olub) qövmlərinin yanına döndükləri vaxt onları qorxutsunlar. Ola bilsin ki, onlar (günahdan) həzər qılalar.”
Döyüşə qarşı çıxanları şiddətlə qınayan ayələr nazil olduqdan və Peyğəmbərin (s) sərt rəftarından sonra növbəti döyüşlərdə bütün müsəlmanlar ayağa qalxır və o həzrəti Mədinədə saxlayırdılar. Bu ayə onların cəbhəyə səfərinə nəzarət üçün idi.
Bütün bədəvi müsəlmanlar dini təlim almaq üçün şəhərə gəlirdilər və bu köç həddi aşırdı. Ayə nazil oldu ki, onlardan bəziləri dinlə tanışlıq üçün şəhərə gəlsinlər. Sonra geri qayıdıb başqalarını öyrətsinlər.
"Din” dedikdə ilahi qanunlar, zahiri və batini göstərişlər məcmusu nəzərdə tutulur. Allah tərəfindən yeganə qəbul olunmuş din olan İslam Allaha təslim olmaq mənasını daşıyır.
Dində "təfəqqöh” dedikdə dərin dini bilik üçün səy göstərmək nəzərdə tutulur. Belə bir səy ya dünya, məqam, əyləncə, dostlarla yarış üçündür, ya da Allah, behişt, ümmətin qurtuluşu üçün. Ayədə ikinci hal dəyərli sayılır. Belə bir cəhdin məqsədi xalqın qorxudulması və Allah yoluna dəvət olmalıdır.
Fiqh (dərin dini bilik) o qədər mühümdür ki, həzrət Peyğəmbər (s) Əlini (ə) Yəmənə göndərərkən ona xalqa fiqh öyrətməyi tapşırır. Və onun bu işi üçün dua edir.
Həzrət Əli (ə) öz övladına fəqih olmağı tapşırır. İmam Hüseyn (ə) aşura gecəsi Allaha belə həmd oxuyur: "Həmd olsun bizi dində fəqih qərar verən Allaha.” (Movsuətu kəlimatil-imam)
İmam Sadiqdən (ə) soruşdular: "İmamın başına bir hadisə gəldikdə xalqın vəzifəsi nədir?” İmam bu ayəni oxuyaraq bildirdi ki, hər şəhər və tayfadan imamı tanımaq üçün hərəkət edənlər olmalıdır.
1. Proqramlaşdırma və müdiriyyətdə məsələyə kompleks yanaşaq. Belə ki, bir nöqtəyə diqqət o biri nöqtənin nəzərdən qaçmasına səbəb olmasın.
2. Hicrət iman şərtidir. Ya dinin müdafiəsi, ya da dini tanımaq üçün hicrət edin.
3. Hər bir məntəqədən elmi mərkəzə hicrət edənlər olmalıdır ki, bütün
Nöqtələr
də kifayət qədər ruhani olsun.
4. Köç etməyən alim kamil fəqih deyil. İmam evdə oturan şəxsin fəqih olmasını şübhə altına almışdır.
5. Din və dini təlimlərdə fəqihlik "kifay” vacib”dir, yəni ehtiyac ödənənədək zəruridir. (Həm cihad, həm də ictihad (fiqhə dərindən yiyələnmək) "kifayi vacib”dir. Həzrət Əli (ə) buyurmuşdur: "Elə bir vəziyyət yaranarsa ki, hamı cəbhəyə getsin, cihad hamıya vacib olar.” Elə bir proqram cızılmalıdır ki, dini təhsil alanların nizamı pozulmasın.
6. Fiqhə yiyələnməkdə məqsəd xalqı oyatmaq, onları problemlərə münasibətdə biganəlikdən xilas etməkdir.
7. Döyüş zamanı da düşüncə, etiqad, əxlaqla bağlı məsələlərdə qəflətdə qalmaq olmaz. Cəhalət və qəflət kimi daxili düşməndən xəbərsiz qalmamalıyıq.
8. Fiqh təkcə dini hökmləri öyrənmək yox, bütün dini maarifi diqqətlə və dərindən araşdırmaqdır.
9. Dini biliklər dərin olmalıdır.
10. Dini təbliğat aparmaq üçün dərin biliyə malik olmaq zəruridir.
11. Fəqih islamşünasın dediklərinə etimad göstərmək olar.
12. Dində fiqh o zaman dəyərlidir ki, fəqih öz dövrünü tanısın, düşmənin nüfuz yollarından agah olsun. O, yalnız bu halda xalqı oyada bilər.
13. Dini hövzə (mərkəz) tələbələri üçün iki hicrət zəruridir: Dini mərkəzlərə hicrət və mərkəzlərdən digər məntəqələrə hicrət. Zəruri biliklərə yiyələnmiş şəxsin hövzədə qalmasına icazə verilmir.
14. Təbliğat və mədəni fəaliyyət üçün yer seçimində insanın doğulduğu yer öndə gəlir.
15. Alimlər xalqla görüşə getməli, dəvət gözləməməlidirlər.
16. Təbliğdə məqsəd təqva yaradılması və məadın yada salınması olmalıdır.
17. Fəqihlər (din alimləri) hər adamdan itaət gözləməməlidirlər. Çünki bir dəstə insan heç vaxt din və Allah yolunu qəbul etmir.