Əl-Ənam ‏ surəsi - Ayə: 19

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 19
(Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Qur’an mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 19. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 19 MÖHSÜN QƏRAƏTİ.

"De ki, şahidliyə hansı mövcud daha üstün və daha böyükdür? De ki, Allah mənimlə sizin aranızda şahiddir. Bu Quran mənə vəhy olub ki, onunla sizə və bu bildirişin çatdığı hər bir kəsə xəbərdarlıq edəm. Siz şahid durursunuzmu ki, Allahla yanaşı başqa məbudlar da var? De ki, mən şəhadət vermirəm. De ki, həqiqətən, O, bir olan Allahdır və şübhəsiz, mən sizin şərik qoşduqlarınızdan uzağam.”
Nöqtələr
Məkkə müşrikləri İslam peyğəmbərindən öz risaləti üçün şahid tələb edirdilər. Onlar həzrətin peyğəmbərliyini qəbul etmir və deyirdilər: "Hətta yəhudi və məsihilər səni peyğəmbər bilmir. Bu ayə İslamın qəriblik dövründə onun parlaq gələcəyi və bəşəri missiyasından xəbər verir.
Həzrət Əli (ə) "həqiqətən O, bir olan Allahdır” cümləsi haqqında buyurmuşdur: "Əgər başqa məbudlar olsaydı, onlar da öz peyğəmbərlərini göndərərdilər.” 
Həzrət Peyğəmbərin (s) yanına bir dəstə əsir gətirdilər. Həzrət onlardan soruşdu: "Bu vaxtadak İslama dəvət olunmusunuzmu?” Əsirlər dəvət olunmadıqlarını bildirdilər. Həzrət buyurdu: "Bu insanları əmin-aman bir məhəllə çatdırıb azad edin. Çünki İslamın nidasını eşitməmiş kəs əsir götürülməməlidir.” Sonra həzrət həmin ayəni oxudu. 
İmam Sadiq (ə) buyurmuşdur: «Daimi qorxutma olan yerdə daimi qorxudan da olmalıdır. İlahi imamət və rəhbərlik də əbədi olaraq Quranla birlikdə olmalıdır.» 
İnsanlarda zərərdən qaçmaq istəyi mənfəət qazanmaq istəyindən güclüdür. Ona görə də Quranda qorxutma məsələsi daha ciddi vurğulanmışdır. 
Çoxsaylı hədislərdə ayədəki "mən bələğə” təbirinin məsum imamlara aid olduğu bildirilir.  İmam Sadiq (ə) "mən bələğə” təbiri haqqında buyurmuşdur: "Ayədə imamət vəzifəsini qəbul etmiş kəs nəzərdə tutulur. Bu şəxs peyğəmbər kimi xalqı Quranla qorxudur.” 
Bildirişlər
1. İslam peyğəmbərinin doğruçuluğunun sübutu üçün Allahın şahid olması yetər.
2. Həqiqətlərin sual-cavab şəklində bəyanı Quranın təbliğ üsullarındandır.
3. Qəflət, səhv, unutqanlıq, məhdudiyyət insanın məlumat əldə etmək və şahid olmaq qüdrətini əskildir. Allahda bu sifətlər olmadığından O ən böyük şahiddir.
4. İslam peyğəmbərinin risalətinin ən böyük şahidi Qurandır.
5. Qafil xalqa qorxutma ilə müşayiət olunan müraciət daha təsirlidir.
6. Həzrət Məhəmmədin (ə) risaləti ümumbəşəri, əbədi və bütün xalqlar və dövrlər üçün nəzərdə tutulmuş risalətdir.
7. Nə qədər ki, bir qanun xalqa bəyan olunmayıb, məzəmmət və tələb etmək olmaz. Üsul elmi terminologiyasında bu hal "bəyansız cəza qəbihdir” kimi ifadə olunur.
8. Əqidə məktəbinə iman, gələcəyə ümid, möhkəmlik, şirklə mübarizə səmavi rəhbərlik şərtlərindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.