Əl-Bəqərə surəsi - Ayə: 253

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 253
Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 253. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 253 MÖHSÜN QƏRAƏTİ.

"O peyğəmbərlərin bəzisini bəzilərindən üstün etdik. Onlardan eləsi oldu ki, Allah onunla danışdı və bəzilərinin dərəcəsini yuxarı qaldırdı. Məryəm oğlu İsaya aşkar nişanələr verdik, onu Ruhul-qüdslə (Cəbraillə) gücləndirdik. Allah istəsəydi, onlardan (peyğəmbərlərdən) sonrakılar aşkar dəlil gəldikdən sonra bir-birləri ilə savaşa qalxmazdılar. (Amma Allah xalqı yol seçimində azad buraxmışdır.) Amma onlar bir-birləri ilə ixtilaf etdilər. Bəziləri iman gətirdi, bəziləri kafir oldu. Allah istəsəydi, (möminlər və kafirlər) savaşa qalxmazdılar. Amma Allah istədiyini yerinə yetirir.
Nöqtələr
Hədislərə görə peyğəmbərlərin sayı yüz iyirmi dörd min nəfər olsa da, Quranda onlardan yalnız iyirmi beşinin adı çəkilmişdir.("Təfsiri-Ruhul-məani”, c. 3, s. 10; "Təfsiri-Əl-Mizan”, c. 2, s. 354. ) Peyğəmbərlərin məqamları və dərəcələri eyni deyil. Onların hər birinin öz yeri və imtiyazları var. Məsələn, İslam peyğəmbərinin fərqli xüsusiyyətləri onun xatəmiyyəti (son peyğəmbər olması), "ümmiliyi” (heç vaxt dərs oxumaması), kitabının təhrif edilməməsi, İbrahim peyğəmbərin imtiyazı vahid ümmət olması, nəslinin mübarəkliyi, Nuh peyğəmbərin imtiyazı uzun ömürlüyü, Allah tərəfindən xüsusi salam almasıdır. Bu ayədə isə həzrət Musa və həzrət İsanın imtiyazı bəyan olunmuşdur. Musa Allah kəlamının dinləyicisi, İsa Ruhul-qüds tərəfindən qüvvətləndirilmiş şəxs kimi tanıtdırılır. "Dərəcat” sözü çoxsaylı üstünlüklər nişanəsidir.
Fəxr-Razi "Təfsiri-Kəbirdə” bu ayə ilə bağlı söz açarkən İslam peyğəmbərinin iyirmiyə yaxın imtiyazını bəyan etmişdir. Məsələn, İslam peyğəmbərinin möcüzəsi olan Qurani-Kərim bütün möcüzələrdən üstündür. Onun digər bir imtiyazı bütün digər peyğəmbərlərə şahid olmasıdır("Təfsiri-Nümunə”, c. 2, s. 191; "Təfsiri-Əl-Mizan”, c. 2, s. 355. )
Bildirişlər
1. Peyğəmbərlərin yetərincə üstün məqamları vardır. "Tilkə” sözü ("o” işarə əvəzliyi) uzağa və uca məqama işarədir.
2. Bütün peyğəmbərlər eyni rütbədə deyillər. Vahid məqsəd onların xüsusi kamilliklərə malik olmasına mane olmur.
3. Ötən peyğəmbərlərin uca tutulması lazımdır. Uyğun ayədə Musa və İsa haqqında xoş sözlər söylənilir.
4. Allahın sünnə və qanunu insanın azad buraxılmasıdır. Allah Öz bəndələrini məcburi şəkildə də haqq yola döndərə bilər. Amma həqiqi inkişaf azadlıq sayəsində mümkün olur. Bu ayədə iki dəfə rastlaşırıq ki, əgər Allah istəsəydi, xalq arasında ixtilaf və savaş baş verməzdi.
5. Əksər ixtilafların kökü cəhalət və qəflət yox, nəfs istəkləri, həsəd və eqoistlikdir.
6. Peyğəmbərlərin yolu aşkar dəlillərlə təqdim olunur.
7. Müharibə alovunu qızışdıran səbəblərdən biri də etiqadi ixtilaflardır. Əlbəttə ki, din ixtilaf mənşəyi deyil. İxtilafı törədən insanlardır.
8. Xalq arasındakı əqidə ixtilafları onların azadlığını göstərir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.