"Peyğəmbərləri onlara dedi: "Həqiqətən, Allah Talutu sizə hakimlik üçün məbus etmişdir.” Dedilər: "O bizə necə hakim ola bilər ki, biz ondan daha layiqli rəhbərik və ona çoxlu sərvət verilməyib?” Peyğəmbərləri dedi: "Allah onu sizin üçün seçmiş, elm və cisim gücünü artırmışdır. Allah öz mülkünü istədiyinə verər. Allahın (ehsanı) genişdir və O (bəndələrinin ləyaqətindən) xəbərdardır.”
"Vase” sözü Allahın ehtiyacsız olduğunu və istənilən bir bəxşişə qadir olduğunu bildirir.
Bəni-İsrailin öz peyğəmbərlərinə savaşa rəhbərlik üçün hərbi komandan istəməsinə baxmayaraq, onların bu istəyinə cavab verildikdə bəhanə gətirib dedilər: Talut hara, hakimiyyət hara?” Məlum olur ki, Talut onlara hərbi komandan olmaqdan əlavə, hakim də təyin edilmişdir. Bəni-İsrail öz peyğəmbərlərindən savaş üçün başçı istəsə də, gənc, fəqir, adsız-sansız Talut başçı təyin olunduqda dedi: "Şöhrəti və sərvəti olmadığı halda, o bizə necə komandanlıq edər? Biz öz sərvətimiz və imkanlarımız baxımından ondan daha layiqik!”
Peyğəmbər onların bəhanələrini eşidib buyurdu: "Şübhəsiz ki, Allah onu sizin üçün seçmişdir. Və onun savaşa başçılıq üçün elmi, fiziki və digər imkanları vardır. Allah istədiyi kəsə ləyaqəti, gizli istedadları xatirinə başçılıq verər.
Bəli, Allahın bir nəzəri daşı cəvahirə döndərər. Onun baxışı bərəkətindən tikan gül olar, fəqir isə hakim! Məgər qoyunlarını itirmiş bir çoban hakimlik ləyaqətinə malikdirmi? Rəvayətdə deyilir: Talut itmiş qoyunları axtararaq şəhərə üz tutmuş bir çoban idi. O, peyğəmbərin xidmətinə gəldi. Allah Öz peyğəmbərinə vəhy etdi ki, bu çobanın başçılıq ləyaqəti var və onu xalqa təqdim etsin.
Bəlkə də ayədəki "bəstətən fil-ilmi” cümləsi Talutun əhatəli elminə işarədir. Yəni o bir çox elmlərdə geniş məlumata malik olmuşdur.
1. Peyğəmbərlər vəhy əsasında öz canişinlərini seçirlər.
2. Allahın təyin etdiyi rəhbərlik xalqın xeyrinədir.
3. Azadlıq və qurtuluş arzusundasınızsa, ilahi rəhbəri qəbul etməlisiniz.
4. Din siyasətdən ayrı deyil. Peyğəmbərlər hərbi məsələlərə bilavasitə müdaxilə etmiş və hərbi komandanların təyinatı ilə məşğul olmuşlar.
5. Ad-sansız və fəqir insanların gizli istedadlarından qəflətdə qalmayın.
6. Həqiqi iman nişanəsi Allaha və Onun rəsuluna təslimçilikdir. Bəni-İsrail öz yanlış düşüncəsi səbəbindən təslim olmadı.
7. Bizim ilahi rəhbərlə rəftar qaydamız ilahi imtahanlardan biridir.
8. İnsanın özünü üstün tutması məhkum edilir. (Necə ki, şeytan "Əraf” surəsinin on ikinci ayəsində "ənə xəyrun minhu” deməklə özünü üstün tutdu.)
9. Ad-san, vəzifə, şəhərdə yaşamaq üstünlük nişanəsi deyil. Bu ayədə var-dövləti, vəzifəni üstünlük meyarı sayanlar tənqid olunmuşdur.
10. İlahi seçim boş-boş şeylərə yox, ləyaqətə əsaslanır.
11. Elmi və fiziki qüdrət qoşun başçılığının iki zəruri şərtidir.
12. Elmi qüdrət fiziki qüdrətdən də mühümdür. Əvvəlcə elm, sonra cisim sözü gəlmişdir.
13. Seçim zamanı daha elmli olmaq əsas məsələdir.
14. Rəhbər, müdir öz işçilərinə diqqətlə yanaşmalı, işinin və seçiminin dəlillərini bəyan etməli, şübhələri aradan qaldırmalıdır. Onlar deməlidirlər ki, hansı işi görüb-görməmək öz haqlarıdır. Peyğəmbər Talutun seçim dəlili kimi onun elmi və cismi gücünü bəyan etdi.
15. İlahi lütf nə fəqirlik və ad-sansızlıqdan, nə də sərvət və şöhrətdən asılıdır.
16. Xalqın əksər etirazlarının səbəbi onların dar baxışlı və dar düşüncəli olmasıdır. Allahın elmi isə nəhayətsiz və qeyri-məhduddur.