Ali-İmran surəsi - Ayə: 164

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 164
Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 164. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 164 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, Allah möminlərə minnət qoyub onların öz aralarından bir peyğəmbər seçdi ki, ayələrini onlara oxusun, onları paklaşdırıb inkişaf etdirsin, onlara kitab və hikmət öyrətsin. Halbuki bundan qabaq aşkar azğınlıqda idilər.”
Nöqtələr
"Mənn” sözü əşyanın çəkisini təyin etmək üçün işlədilən daş mənasını bildirir. Hər bir ağır və dəyərli nemətin əta olunması "minnət” adlanır. Amma dəyərsiz nemətləri dəyərli, ağır göstərmək bəyənilməmiş bir işdir. Ona görə də böyük nemətləri bağışlamaq yaxşı, kiçik neməti böyük göstərmək isə bəyənilməmiş işdir.("Təfsire-nümunə”. )
Xalqın arasından peyğəmbər seçilməsinin bir çox bərəkətləri var:
a) Xalq onun keçmişini tanıyır və etimad göstərir.
b) Onlar ilahi göstərişlərin icrasında xalqa nümunə olur.
v) Onlar xalqın dərdlərinə şərikdirlər və bu dərdlərdən xəbərdardırlar.
q) Xalqın yanındadırlar.
Həzrət Əlinin (ə) "Nəhcül-bəlağə”dəki buyruqlarından məlum olur ki, cahiliyyət dövründə xalqın nə sağlam mədəniyyəti, nə də fiziki sağlamlığı vardı. Həzrətin qardaşı Cəfəre-Təyyar Həbəşistana hicrət zamanı cahiliyyət dövrünü Nəcaşi üçün belə təsvir edir: "Biz bütpərəst idik. Həmin dövrdə ölü heyvan əti yeyir, fitnə-fəsad içində yaşayırdıq. Qohumlarımızdan uzaqlaşmışdıq. Qonşularımızla pis rəftar edirdik. Bizim varlılarımız zəiflərin haqlarını ayaq altına alırdılar. Nəhayət, Allah Öz peyğəmbərini məbus etdi...”("Kamilut-tarix”, c. 2, səh. 80. )
Bildirişlər
1. Peyğəmbərlərin besəti ən böyük səmavi hədiyyə və ilahi nemətdir.
2. Besət bütün xalq üçün olsa da, yalnız möminlər bu nemətə görə şükür edir və hidayət nurundan bəhrələnirlər.
3. Peyğəmbərlər xalqa yaxın olmuşlar.
4. Quran ayələrinin tilavəti paklanma və təlim vasitəsidir.
5. Paklanma təlimdən öndə gəlir.
6. Paklanma və təlim peyğəmbər proqramlarında ön yerdə dayanır.
7. İnkişaf və özünütərbiyə peyğəmbər məktəbi və ilahi ayələr sayəsində həyata keçməlidir. (Qaynağı ilahi ayələr, müəllifi peyğəmbərlər olmayan riyazət və rahiblik özü bir azğınlıqdır.)
8. Peyğəmbərlərin besət nemətini yaxşı dərk etmək üçün onlardan əvvəlki xalqların tarixinə müraciət etmək lazımdır.
9. Günahkar və azğın mühitlərdə də iş görmək olar.
10. Peyğəmbər məktəbində ruhi tərbiyə və düşüncə təlimi insanın baxış və bəsirəti ilə yanaşıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.