"Həqiqətən, Rəbbiniz o Allahdır ki, göyləri və yeri altı gündə, dövrdə yaratdı, sonra ərşi hökmü altına aldı. Aləmin işini idarə edir və sahmana salır. Ondan izinsiz heç bir şəfaətçi yoxdur. O, sizin Rəbbiniz olan Allahdır. Ona pərəstiş edin. Öyüd götürmürsünüzmü?”
"Altı gün” dedikdə yaranışdakı altı dövr, mərhələ nəzərdə tutulur. Bu təbir altı günə bərabər müddətə də işarə oluna bilər.
"Ərş” tədbir mərkəzi, qüdrətə işarədir. Bir kəs "taxta çıxdı və ya taxdan düşdü” deyərkən həmin şəxsin qüdrətə çatması və ya kənarlaşdırılması nəzərdə tutulur. Allahın hakimiyyəti həm göylərin və yerin yaranışından əvvələ, həm də yaranışdan sonraya aiddir. Dünyadan sonra qiyamətdə də bütün varlıq Allahın hökmü altındadır.
İmam Sadiq (ə) buyurmuşdur: "Ərş dördbucaqlıdır. Çünki İslamın əsasını təşkil edən kəlmələr də dörddür: "Sübhanallah”, Əlhəmdulillah”, "La ilahə illəllah”, "Əllahu əkbər.”
1. Aləmin yaranışı proqramla, vaxt ölçüsü ilə həyata keçmişdir. (Bütün varlıq aləminə proqram və idarəçilik hakim olduğu halda, hansı əsasla bu bağın çiçəyi olan insanı proqramsız saymaq olar?!)
2. Öncə Allahı tanımaq, sonra Ona sitayiş etmək lazımdır.
3. Varlıq aləmi qanunauyğun və məqsədlidir. İşin tədbiri üçün aqibət, hədəf, qanun şərtdir.
4. Yalnız əlində xilqət və tədbir olan varlığa ibadət edilməlidir.
5. Varlıq aləmi Allah tərəfindən yaradılmışdır və Onun əlindədir. Allah bu aləmi daimi bir hikmətlə idarə edir. Onun izni olmadan kimsə bu işə nüfuz edə bilməz. Bu həqiqətlərə diqqət bəndəlik və pərəstiş ruhunun yaranması üçün zəmindir.
6. İstənilən bir mövcud yalnız Allahın təsdiqi ilə vasitə ola bilər. Heç bir əsas olmadan bütləri şəfaətçi seçməyək.
7. İlahilik rübubiyyətdən ayrı deyil. Zalım hakimlər çalışırlar ki, Allahı yaradan kimi tanıtdırmaqla gözdən pərdə asıb idarəçiliyi öz öhdələrinə götürsünlər və dini siyasətdən ayırsınlar.
8. İnsan öz yaradanına inanır, sadəcə, bu barədə xatırladılmağa ehtiyaclıdır.