NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 90
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Üzrü olan bədəvilər (sənin yanına) gəldilər ki, onlara (döyüşdə iştirak etməmək üçün) icazə verilsin. Amma Allaha və Onun peyğəmbərinə yalan deyənlər (üzrü olmayanlar) savaşdan boyun qaçırdılar. Onlardan küfr edənlərə tezliklə ağrılı əzab yetişəcək.”
Nöqtələr
"Muəzzirunə” sözü həm həqiqətən üzrü olanlara, həm də bəhanə gətirib üzr istəyənlərə işarə ola bilər.
Bəzilərinin həqiqətən də üzrü vardır. Bəziləri isə üzrsüz yerə cihadda iştirak etmirdilər və bu dəstə üçün əzab var.
Şəhər mədəniyyətindən uzaq, səhrada yaşayan bədəvi ərəblər "ərab” adlanırlar.
Bildirişlər
1. Təbuk döyüşündə ümumi səfərbərlik elan olunmuşdu. Bu səfərbərliyə qatılmayan hər bir kəs üzrünü bildirib Peyğəmbərdən (s) icazə almalı idi.
2. Cihad fərdə yox, hökumətə aid bir işdir. Ona görə də cəbhəyə gedib-getməmək haqqında müsəlmanların rəhbəri icazə verməlidir.
3. Cihada etinasızlıq göstərib cəbhədən qaçanlar həqiqi iman sahibi deyillər.
4. Yalan təkcə dilə aid deyil. İddianın yalan olduğu bəzən əməldə üzə çıxır.
5. Vəzifədən boyun qaçırmaq üçün bəhanə axtaranlar tezliklə tənbeh olunar.