Ən-Nisa surəsi - Ayə: 9

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 9
Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 9. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 9 MÖHSÜN QƏRAƏTİ.

"Özündən sonra zəif övladlar qoyan və onlar üçün qorxan kəslər (xalqın yetimlərinə qarşı zülmdən də) qorxmalıdırlar. Allahdan çəkinsinlər və möhkəm söz danışsınlar.”
Nöqtələr
Rəvayətlərə əsasən, yetimin malını yeməyin həm dünya, həm də axirət təsirləri var. Ayədə bəyan olunduğu kimi, bu günahın zərəri dünyada övlada toxunur. Növbəti ayədə isə uyğun günah müqabilində cəhənnəm əzabı vəd olunur.("Təfsire-Nurus-səqəleyn”. )
Ayədə məqsəd infaq və vəsiyyətdə həddi aşmanın qadağası ola bilər. Yəni ayə belə bir məna daşıya bilər ki, əgər himayənizdə körpə yaşlı uşaqlarınız olduğu halda bütün var-dövlətinizi infaq etsəniz, ölümünüzdən sonra övladlarınızı fəqirlik və bədbəxtliyə düçar etmiş olarsınız.("Təfsire-Məcməül-bəyan”. ) Bu müraciət inkişafdan geri qalmış övladları olan valideynlərə də ünvanlana bilər. Ayə belə valideynlərə xəbərdarlıq edir ki, xüsusi proqramlarla öz övladlarının gələcəyini təmin etsinlər("Təfsire-Kəbire-Fəxri Razi”. )
Xeyir və şərə çatmaqda nəsillər arasında əlaqə var. Çünki əməllərin təsiri bir ömürə sığışmır. Atanın həm şər, həm də xeyir əməllərinin nəticələrindən övlada da pay düşür. Musa, Xızır və bir yetimin xəzinəsi gizlədilmiş divarın əhvalatı Quranda öz əksini tapmış nümunələrdəndir.("Kəhf”, 82. )
Bildirişlər
1. İnsan dərdləri dərk etmək üçün özünü başqalarının yerinə qoymalıdır. Sizdən sonra övladlarınızla yaxşı rəftar edilməsini istəyirsinizsə, başqalarının yetimləri ilə də o sayaq rəftar edin.
2. Ocağın tüstüsü onu qalayanın gözünə dolur. Xalqın yetim övladlarına zülm cəmiyyətdə qanun şəklini alarsa, sabah bizim də yetimlərimizə tuşlanasıdır.
3. Təbliğdə insani və fitri meyllərdən istifadə edilməlidir.
4. Həm yetimlərin malına xəyanət etməmək, həm də onlarla xoş danışmaq lazımdır.
5. Yetimlər libas və xörəklə yanaşı məhəbbət, mehribanlıq və tərbiyəyə də ehtiyaclıdırlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.