"(Xatırlayın) O zaman ki, Musa öz qövmünə dedi: "Ey mənim qövmüm! Özünüzə Allahın nemətini xatırladın. Bir zaman ki, sizin aranızda peyğəmbərlər qərar verdi, sizə mükafatlar təyin etdi (Var-dövlət, can, namus, hökumət sahibi oldunuz) sizə elə şeylər verdi ki, aləmdəkilərdən kimsəyə verilməmişdi.”
İlahi nemətlərin yada salınması Allah eşqi, nemətlərin şükrü, bəndəlik, ilahi göstərişlər qarşısında təslimçilik səbəbidir.
"Məlik” həm hakim və rəhbər, həm də sahib mənasını bildirir. Bir rəvayətdə peyğəmbərin belə buyurduğu nəql olunur: "Bəni-İsraildə arvadı, xidmətçisi, miniyi olan kəsə malik deyirdilər.” Əgər ayədəki "muluk” sözünü "sultan”kimi mənalandırsaq, təbii ki, bütün xalq sultan ola bilməz. Ona görə də uyğun söz ixtiyar sahibi kimi mənalandırılmalıdır.
Nil çayından keçmək, "mənn və səlva” kimi nemətlərin göndərilməsi, on iki su çeşməsinin qaynaması Bəni-İsrailə əta olunmuş xüsusi nemətlərdən idi və bu ayə həmin nemətlərə işarə edir.
1. Xalqı dəvət edərkən onun mənəvi hisslərindən istifadə olunmalıdır.
2. İlahi göstərişləri bəyan etməzdən qabaq xalq ilahi lütflərin yada salınması ilə hazırlanmalıdır. (Bu ayədə nemətlər zikr olunur, növbəti ayədə mühüm ilahi göstəriş bildirilir.)
3. Nübuvvət, hökumət və qüdrət ən böyük nemətlərdəndir.
4. İlahi nemətlərin xalqa xatırladılması peyğəmbərlik vəzifələrindəndir.
5. Həzrət Musadan qabaq da Bəni-İsrail arasında peyğəmbərlər olmuşdur. Həzrət Musa onların varlığını bir nemət kimi yada salır.
6. Peyğəmbərlər hakimiyyət və istiqlal üçün zəmin yaratmışlar.
7. Tarixdən ibrət götürək. Musanın qövmü xüsusi ilahi lütflərdən bəhrələndikdən və hakimiyyətə çatdıqdan sonra zillət və miskinliyə düça oldular. Kimsəyə verilməmiş nemətlər ilahi qəzəbə çevrildi.