Əl-Ənam ‏ surəsi - Ayə: 159

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 159
Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 159. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 159 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər,) öz dinini pərakəndə salıb, dəstə-dəstə olanlarla sənin heç bir bağlılığın yoxdur. (Sən onlara məsul deyilsən.) Onların işlərinin sonu yalnız Allaha aiddir. Həmin vaxt Allah onları öz əməllərindən xəbərdar edəcək.”
Nöqtələr
Dində təfriqə salmaq, yəni bidətçilik və dinin insanın öz rəyincə təfsiri Quran və hədislərdə çox ciddi şəkildə qınanmışdır. Bəzi nümunələrə nəzər salaq:
- Quran buyurur: "Vay onların halına ki, öz əlləri ilə bir şeyi yazır, sonra deyirlər ki, bu Allahın tərəfindəndir.” 
- Həzrət Əli (ə) buyurmuşdur: "Bidət gələn vaxt sünnət gedər.  Peyğəmbər və imamların vəzifələrindən biri bidət və təhrifin qarşısını almaqdır. 
- Rəvayətlərdə deyilir: "Bidətçinin tövbəsi qəbul olunmaz.” 
- Bidətçiyə hörmət göstərib üzünə gülümsəyən kəs dinin məhvi yolunda addım atmışdır.
- Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ümmətim arasında ixtilaf düşdüyü vaxt mənim sünnəm və dediklərim əsasında əməl edib, başqalarının ardınca getməyən kəs yüz şəhidin mükafatını alacaq.” 
- Quranda yəhudilər dinlərini təhrif etdikləri üçün dəfələrlə tənqid edilmişlər. Həzrət Musa haqqında oxuyuruq: "Həzrət Musa Tur dağından qayıdıb qövmünün azdığını və buzovpərəstliyini gördükdə narahatçılığından Tövrat lövhələrini yerə saldı və canişini olan qardaşının yaxasından tutub dedi: "Nə üçün ümmətim yolunu azdı?” Harun dedi: «Qorxdum ki, azğınlıqlarına qarşı çıxsam, xalq parçalana və sən soruşasan ki, nə üçün insanlar firqə-firqə bölünüb.» (Sənin gəlişin də bu parçalanmanı aradan qaldıra bilməyə).
Bu ayə və rəvayətlər əqidə məktəbinin qorunmasında, düşüncə azğınlıqlarının qarşısının alınmasında, ictimai birliyin qorunmasında dinşünasların ağır məsuliyyətlərini bəyan edir.
Bildirişlər
1. Dini göstərişlər arasında fərq qoymaq olmaz. Onların hər birinə iman gətirib əməl etmək lazımdır.
2. Əqidə məktəbindəki dəyişiklik və təhriflər təfriqə və ayrılıq amillərindəndir.
3. İslam məktəbini kompleks şəkildə qəbul etməyənlərlə həmkarlıq etmək olmaz. Onlar Məhəmməd (s) ümmətindən sayılmayacaqlar. Onlar Allah tərəfindən hədələnmişlər.
4. Dində təfriqə yaratmaq şirkin bir növüdür. "Rum” surəsinin 32-33-cü ayələrində buyurulur: "Müşriklərdən, öz dinlərində təfriqə yaradanlardan olmayın.”
Müəllif: MÖHSÜN QƏRAƏTİ.