37. فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
"Adəm öz Rəbbindən bəzi sözlər öyrənərək tövbə etdi. Belə ki, Allah Öz lütfünü ona doğru döndərdi. Həqiqətən, O, tövbələri qəbul edən və mehribandır.”
Adəm qadağan olunmuş şeydən daddığı üçün bütün nemətlərdən və rifahdan məhrum oldu. O öz səhvini anladı və peşmanlığı səbəbindən Allahdan bəzi sözlər öyrəndi. Bu sözlər vasitəsi ilə tövbə etdi. ("Tövbə” geri dönməkdir.)
Şiə və sünni rəvayətlərindən məlum olur ki, Adəmin tövbə üçün istifadə etdiyi kəlmələr Allahın ən üstün yaranmışları olan həzrət Məhəmməd (s) və onun Əhli-beytinə (ə) təvəssüldən ibarət idi. "Təfsiri-dürrül-mənsur” kitabında İbn-Abbasdan nəql olunmuşdur ki, Adəm öz tövbəsinin qəbul olunması üçün Allahı Məhəmməd (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) adlarına and verdi.("Ə`raf”, 23. ) Bəziləri də belə düşünürlər ki, Adəmin dediyi sözlər "Əraf” surəsində bəyan olunmuş sözlərdir: "Pərvərdigara! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və Öz rəhmətində qərar verməsən, hökmən ziyankarlardan olacağıq.("Bəqərə”, 124)
1. Tövbə tövfiqi (yardımı) Allahdan olduğu üçün, tövbə yolunu da Allahdan öyrənmək lazımdır. ("Min rəbbihi kəlimatin”)
2. Tövbənin qəbulu, onun gerçəkləşmə yolu Allahın tərbiyə və rübubiyyət sifətlərindəndir. ("Min rəbbih”)
3. Bütün lütflər və tövbənin qəbulu yalnız Allahın işidir. ("Huvə”)
4. Əgər tövbə həqiqi tövbə olsa, Allah onu qəbul edər. ("Huvət təvvab”)
5. Tövbəni pozduğumuz zaman yenidən tövbəni qəbul edən Allahdır ("Huvət təvvab”)
6. Allahın üzrü qəbul etməsi danlaq və məzəmmətlə yox, onun mərhəməti ilə müşayiət olunur. ("Əttəvvabur rəhim”)