Əl-Bəqərə surəsi - Ayə: 44

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 44
(Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 44. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 44 MÖHSÜN QƏRAƏTİ.

44. أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلاَ تَعْقِلُونَ
"Xalqı yaxşılığa dəvət edib, özünüzü unudursunuzmu? Halbuki siz (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz?”
Nöqtələr
Yəhudi alimləri İslam peyğəmbərinin besətindən qabaq xalqı son peyğəmbərə iman gətirməyə çağırırdılar. Onlar növbəti peyğəmbərin zühuru ilə xalqa müjdə verirdilər. Amma peyğəmbər zühur etdikdə alimlər özləri iman gətirmədilər. Onlar İslamı qəbul etmiş yaxınlarına müsəlman qalmağı tövsiyə etdikləri halda özləri müsəlman olmurdular.("Bihar”, c. 2, s. 37. )
Rəvayətdə buyurulmuşdur: "Başqalarını behiştə dəvət edib, özü cəhənnəm əhli olan alim ən böyük və çətin həsrətləri çəkəcəkdir.”(Nurus-səqəleyn”, c. 1, s. 57. )
Tilavətin (burada: dəvət) haqqı əməldir. İmam Sadiq (ə) buyurmuşdur: "Xalqı təkcə sözlə yox, həm də öz əməllərinizlə dəvət edin.”("Nəhcül-bəlağə”, x. 175. )Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur: "And olsun ki, öncə özüm bir işi görməmiş sizi ona dəvət etmirəm. Özüm öncə bir işi tərk etməmiş sizi həmin işi tərk etməyə çağırmıram.("Nəhcül-bəlağə”, h. 73. )
"Nəhcül-bəlağədə” buyurmuşdur: "Özünü başqalarına imam qərar verən kəs əvvəlcə özünü tərbiyəyə başlamalıdır.”(Bihar”, c. 7, s. 99. ) İmam Kazim (ə) buyurmuşdur: "Dediyinə əməl edən alimlərə salam olsun. Vay olsun təkcə danışan alimlərə.”("Bihar”, c. 7, s. 100. )
Əməlsiz alim təmsil dilində:
a) Quranda əməlsiz alim kitab yükü daşıyan ulağa bənzədilir. Bu ulaq daşıdığı yükdən faydalanmır.(Kənzül-ümmal, h, 29109. )
b) Rəvayətlərdə bildirilir:
–Həzrət Peyğəmbər (s): "Əməlsiz alim elə bir çırağa bənzəyir ki, özü yanır, nuru isə xalqa çatır”.("Bihar”, c. 14, s. 309. )
–Həzrət Peyğəmbər (s): "Əməlsiz alim kamansız ox atana bənzəyir.”
–Həzrət İsa: "Əməlsiz alim evin damına qoyulmuş çırağa bənzəyir. Bu evin otaqları qaranlıqdır.”("Ğurərul-hikəm”. )
–Həzrət Əli (ə): "Əməlsiz alim səmərəsiz ağac, infaq olunmayan xəzinə kimidir.("Bihar”, c. 2, s. 39. )
–İmam Sadiq (ə): "Əməlsiz alimin moizəsi baş üzərinə yağan yağış tək qəlblərə nüfuz etməz.”("Bihar”, c. 71, s. 70.)
v) Alimlərin dilində:
–Əməlsiz alim xəzinə üstə yatmış aca, bulaq başında oturmuş təşnəyə, dərddən nalə çəkən təbibə, daim dərman nüsxəsini oxuyub onu qəbul etməyən xəstəyə, sözü əməlindən fərqlənən münafiqə və cansız cəsədə bənzədilmişdir.
Bildirişlər
1. Yaxşı işə dəvət edən kəs özü yaxşı işləri ilə tanınmalıdır.
2. Əgər unutqanlığımızın müqəddiməsini özümüz yaratmışıqsa, heç bir üzrümüz yoxdur. Yalnız unutqanlığında günahı olmayan kəsin üzrü qəbuldur.
3. Səmavi kitabı tilavət etmək (oxumaq) kifayət deyil. İlahi kəlamları düşünmək lazımdır.
4. Unutqanlıq özü də düşüncəsizlik nişanəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.