Əl-Bəqərə surəsi - Ayə: 276

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 276
Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır) və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 276. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 276 MÖHSÜN QƏRAƏTİ.

"Allah sələmi puç edir, amma sədəqəni artırır. Allah heç bir naşükürü və günahkar kafiri xoşlamır.”
Nöqtələr
"Məhq” sözü tədrici nöqsan mənasını bildirir. "Məhaq” isə ayın son gecələrində nurunu itirdiyindən görünməyən aya deyilir. "Riba” isə tədrici inkişaf mənasındadır.
Bu ayədə xatırladılır ki, sələmçi sərvət toplamaq məqsədi ilə başqalarından sələm alsa da, Allah həmin malın bərəkətini və yaxşılıqlarını aradan götürür. Sələm mal məhv olmasa da, sərvətin artması ilə həyata keçməsi nəzərdə tutulan məqsədlər puça çıxır. Sələm dünyasında səadət, məhəbbət və əmin-amanlıq yoxdur. Bir çox varlılar öz sərvətindən rahatlıq, aramlıq və məhbubiyyət əldə edə bilmir. Amma infaq, sədəqə, qərzül-həsənə işlək olan cəmiyyətdə bir çox bərəkətlər olur. Bu cəmiyyətdə fəqirlər məyus olmur, varlılar öz var-dövləti ilə öyünmür. Məhrumlar intiqam və oğurluq fikrinə düşmür, varlılar öz malını qorumaqda çətinlik çəkmir. Cəmiyyətdə ülfət, mərhəmət, anlaşma, əmin-amanlıqla müşayiət olunan tarazlıq hökm sürür. Fəxr Razinin "Təfsiri-Kəbiri”ndə nəql olunmuşdur: Sələmçi özündə insani hissləri və ədaləti öldürdüyü vaxt fəqirlərin nifrininə tuş gəlir. Kin, intiqam, oğurluq daim onu hədələyir. Ayədə həmin fəlakətlərdən bir nümunə bəyan olunmuşdur.
Bildirişlər
1. Sərvətin zahiri şirinliyi sizi heyran qoymasın. Riba əsasında qurulmuş iqtisadi nizam məhvə gedir.
2. Sələmlə əldə olunan malın puça çıxması Allahın qanunlarındandır.
3. Sədəqə və zəkatın genişlənməsi iqtisadiyyatın inkişaf və möhkəmlənməsi səbəbidir.
4. Sələmçi ilahi mərhəmət və məhəbbətdən məhrumdur.
5. Sələmçi çox nankor və günahkardır. O, sələm almaqla özünü xalqa zamin edir, həyatını harama bulaşdırır, ibadətini batil edir, hərislik və tamah ürəyidaşlığı ona hakim kəsir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.