"(Ey peyğəmbər,) görürük ki, (vəhy intizarı ilə) üzünü göyə tutursan. İndi səni könlünü açacaq qibləyə doğru göndəririk. Üzünü Məscidül-Hərama doğru çevir. (Siz ey müsəlmanlar,) harada oldunuz, üzünüzü ona doğru döndərin. (Səmavi) kitab verilmiş şəxslər bilirlər ki, bu əmr Allah tərəfindən gəlmiş bir həqiqətdir. Allah onların əməllərindən qafil deyil.
Bu ayə həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır. Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişməsi Allahın Öz peyğəmbərinə vədi idi. Amma həzrət dua zamanı heç bir söz demədən üzünü səmaya tutardı. Nəhayət, ayə nazil oldu və göstəriş verildi ki, həzrət Peyğəmbər (s) və bütün müsəlmanlar ibadət zamanı üzlərini Məscidül- Hərama, Kəbəyə tutsunlar. Bu dəyişmənin həqiqi mahiyyətindən xəbərdar olan kitab əhli bildiklərini gizləməyə çalışdılar. Onlar öz kitablarında oxumuşdular ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılar. Onlar müxtəlif təlqinlərlə şübhələr və suallar yaradıb aranı qarışdırırdılar. Allah da öz növbəsində onları hədələyirdi.("Bəqərə”, 159. )
Həzrət Peyğəmbərin (s) Kəbənin qiblə seçilməsinə razılığının dəlilləri vardır: Bununla yəhudilərin acı tənələrindən, təhqirlərindən, istehzalarından azad olurdular; müsəlmanların istiqlalı süquta yetir, ilk tövhid mərkəzi Kəbəyə diqqət yönəldilirdi. Qiblənin dəyişmə məsələsi mühüm bir hadisə olduğundan ayədə Kəbəyə üz tutmaq barədə iki dəfə göstəriş verilir: Bir dəfə peyğəmbərə xitabən, ikinci dəfə isə bütün müsəlmanlara müraciətlə.
1. Asiman vəhyin nüzul çeşməsi və peyğəmbərlərin göz dikdiyi yerdir.
2. Allah insanların istəklərindən agahdır.
3. Hökmlərin verilməsi və dəyişməsi Allah tərəfindəndir. Peyğəmbərlər özlərindən göstəriş vermirlər.
4. Peyğəmbər Allah qarşısında o qədər ədəblidir ki, qiblənin dəyişməsi istəyini dilə gətirmir. O öz intizarını baxışı ilə bildirir.
5. Allah öz peyğəmbərinin razılığını istəyir. Allahın razılığı peyğəmbərin razılığıdır.
6. Quran həqiqəti bilib inadkarlıq göstərən alimləri hədələyir və məzəmmət edir.
7. Dini göstərişləri xalq üçün çətinləşdirmək olmaz. "Şətr” səmt deməkdir. Yəni Məscidül-Hərama doğru dayanmaq kifayətdir. Üzü dəqiq şəkildə Kəbəyə tutmaq zəruri deyil.