Ali-İmran surəsi - Ayə: 35

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 35
(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzr etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman edirdi.)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 35. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 35 MÖHSÜN QƏRAƏTİ.

"(Xatırla,) o zaman ki, İmranın zövcəsi dedi: "Pərvərdigara! Həqiqətən, mən nəzir etmişəm ki, bətnimdə olanı dünyaya Sənin üçün gətirəm. (Bütün vaxtını Sənə sərf etməsi üçün ona heç bir iş tapşırmayam.) Məndən qəbul et. Həqiqətən, Sən eşidən və bilənsən.”
Nöqtələr
Təfsir və rəvayət kitablarında nəql olunur: Hənnə və Əşya adlı iki bacının birincisi Bəni-İsrailin böyük şəxsiyyətlərindən olan İmranın, ikincisi isə Zəkəriyya peyğəmbərin zövcəsi idi. Onların övladları olmurdu. Bir gün Hənnə bir ağacın kölgəsində oturduğu vaxt sərçənin öz balasına yem verdiyini görür. Bu səhnə onda övlad eşqini alovlandırır. Dua edir və duası qəbul olur. Digər bir tərəfdən onun ərinə ilham olur ki, övladı Allahın övliyalarından olacaq, xəstələrə şəfa verəcək, ölüləri dirildəcək.
Hənnə hamilə olduğu vaxt ehtimal edirdi ki, gələcəkdə qeyri-adi işlər görəcək bu övlad oğlan olacaq. Ona görə də nəzir edir ki, övladını Beytül-Müqəddəsdə xidmətçi qoysun. Amma onun dünyaya gətirdiyi övlad oğlan yox, qız olur. Onlar anlayırlar ki, ilahi ilham Məryəm yox, onun övladı haqqında olmuşdur.("Kafi”, c. 1, s. 535. )
Bildirişlər
1. Qadın o qədər inkişaf edə bilər ki, uzun illər intizardan sonra dünyaya gətirdiyi övladını Allah evinə xidmətçiliyə nəzir edər.
2. Uzaqgörən insanlar övladları dünyaya gəlməmiş onların həyat yolu haqqında düşünürlər.
3. Özümüzdən keçək və yalnız Allah yolunda sərf edək.
4. Məsciddə xidmət o qədər dəyərlidir ki, Allahın övliyaları öz əzizlərini dünyaya gəlməmiş bu yolda nəzir etmişlər.
5. Nəzir mövzusunun İlahi dinlərdə uzun bir tarixi var.
6. Ana övladı üzərində bir növ vilayətə, hakimiyyətə malikdir.
7. Övladdan keçmək və Allahın seçimi arasında rabitə var.
8. Dini xidmətdə o insanlar müvəffəq olurlar ki, vaxtlarının bir hissəsini yox, bütün varlıqlarını dinə xidmətə sərf etsinlər.
9. Övladın anaya xidməti ananın təbii haqqıdır və bağışlana bilər.
10. Əgər ən əziz və sevimli şeyləri verirsinizsə, onları qəbul etmək fikrində də olun.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.