"(Xatırlayın,) o zaman ki, (Ühüd döyüşündə qaçan zaman) yuxarı qalxır və kimsəyə diqqət yetirmirdiniz. (Halbuki) Peyğəmbər sizi arxadan səsləyirdi. Bunun cəzası olaraq Allah qəminizə qəm artırdı. Bir daha əlinizdən çıxanlara və ya başınıza gələnlərə görə qəm çəkməyin. Bilin ki, Allah etdiyiniz işlərdən agahdır.”
"Qəminizə qəm artırdı” cümləsi haqqında müxtəlif təfsirlər bəyan olunmuşdu. O cümlədən:
1. Allah Öz lütfünə xatir qənimətlərin əldən çıxması ilə bağlı bəyənilməmiş bir qəmi kafirlərin qələbəsi kimi bəyənilmiş bir qəmlə əvəz etdi.
2. Onlar Peyğəmbəri (s) qəmləndirdikləri üçün ağır bir qüssəyə düçar edildilər.
3. Allah döyüşdən qaçmağın, peyğəmbərə itaətsizliyin cəzası olaraq onlara bir-birinin ardınca qəm-qüssə göndərdi.
Rəvayətlərə əsasən, Xalid ibn Vəlidin müsəlmanlara qələbə çalması onların Ühüd məğlubiyyətindən yaranan qəmlərini artırdı.("Təfsire-bürhan”; "Təfsire-rahnüma”. )
1. Süstlüyün, ixtilafın və komandana itaətsizliyin nəticəsi döyüş meydanından qaçmaq və qəm –qüssədir.
2. Zəif nöqtələrin xatırlanması təcrübələrdən faydalanmaq səbəbidir.
3. Təhlükə zamanı adi insanlar yalnız özünü düşünür.
4. Rəhbərin fəryadı qorxaq və zəif imanlı insanlara təsir göstərmir.
5. Əmin-amanlıq zamanı məhəbbət bildirmək mühüm deyil. Çətin günlərdə həmdərdlik dostluq nişanəsidir.
6. Hamı qaçdığı zaman da rəhbər meydanda qalıb qaçanları geri çağırmalıdır.
7. Vəzifəni yerinə yetirərkən bir an diqqətsizlik və məsuliyyətsizlik bir çox çətinliklərin ardıcıl şəkildə hücum çəkməsinə səbəb olur.
8. Keçmişin çətinliklərindən dərs götürün. Dünya malını itirdiyiniz üçün və ya çətinliklərə düşdüyünüz üçün qəm yeməyin.