Yunus surəsi - Ayə: 24

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 24
Həqiqətən dünya həyatı göydən (qar və yağış şəklində) nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların və heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq və ya isti, sel və ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 24. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 24 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, dünya həyatı səmadan endirdiyimiz suya bənzər. Yerin insanlar və dördayaqlılar yeyən otu onunla qarışdı. Nəhayət, yer zinətləndi və yer əhli belə güman etdi ki, bütün bu nəbatatdan istifadə etmək gücündədir. (Qəfildən) gecə və ya gündüz (viranlığa) əmr gəldi. Onu elə biçdik ki, sanki dünən heç bir ot olmamışdı. Biz Öz ayələrimizi düşünən qövm üçün bu sayaq açıqlayırıq.”
Nöqtələr
Ötən ayə dünya matahını puç saydı. Bu ayə isə gözəl bir oxşatma ilə onu təsvir edir.
Bəzi rəvayətlərdə bu ayə həzrət Mehdinin (ə) zühur rəmzi sayılmışdır. Nə vaxt yer üzü zər-zibaya büründü, ilahi bir əmr və ideoloji bir inqilabla hər şey dəyişər. 
Bildirişlər
1. Ən yaxşı təbliğ və təlim üsullarından biri misaldır.
2. Ən üstün misal təbiətdən götürülmüş misaldır. Belə bir misal daim aktualdır.
3. Təbiətin maddi ünsürlərindən həm insan, həm də heyvan bəhrələnir. İnsan yalnız mənəvi dəyərlərə görə heyvandan üstündür.
4. Bitki örtüyünün insan və heyvanların ehtiyacına uyğun olması ilahi lütflərdəndir.
5. İman insanın zinətidir.  Bitki örtüyü isə yerin zinətidir.
6. Dünya insanı aldadaraq, onu xəyallar aləminə aparır.
7. Bitki örtüyünü cücərtmək Allahın əlində olduğu kimi, onu məhv etmək də Allahın əlindədir.
8. Dünya və onun cilvələri hadisələr keşməkeşindədir.
9. İnsanın dünya ömrü bitki aləminin ömrü kimi qısa və ötəridir.
10. Allahın şiddətli qəhr-qəzəbindən sonra heç bir əsər-əlamət qalmır.
11. Quran misalları insanı düşüncəyə vadar edir. Bu misallara əhəmiyyətsiz yanaşmayaq.
12. Dünyaya bağlılıq və onunla qürrələnmək dar düşüncə, ondan qürur duymamaq isə düşüncə nişanəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.