«Yəhudilərin və müşriklərin iman əhlinə münasibətdə ən qatı düşmən olduğunu görərsən. "Biz məsihiyik” deyənlərin isə dostluq baxımından möminlərə ən yaxın olduğunu bilərsən. Bu (dostluq) o baxımdandır ki, onlardan bəziləri keşiş və rahiblərdir, onlar təkəbbür göstərməzlər.»
"Qissis” keşiş deməkdir və məsihilərin dini işlərinə rəhbərliyini öhdəsinə götürmüş şəxs keşiş adlanır. Məsihi abidlərinə isə "röhban” deyilir.
Bu ayədən 85-ci ayəyədək nüzul şəni Həbəşə padşahı Nəcaşinin və həmin ölkə məsihilərinin müsəlmanlarla xoş rəftarıdır. Bu müsəlmanlar besətin beşinci ili Cəfər ibn Əbu-Talibin başçılığı ilə Məkkədən hicrət etmişdilər. Onlar müşriklərin sıxıntılarından Nəcaşiyə pənah aparmışdılar. Müşriklərin Həbəşəyə göndərdikləri elçilər Nəcaşidən mənfi cavab almışdılar. Mədinə yəhudiləri peyğəmbərin möcüzələrini, böyük əxlaqını gördükləri halda iman gətirməyib müsəlmanlara qarşı fitnə-fəsadda iştirak edirdisə, məsihi ruhaniləri Həbəşədə "Məryəm” surəsinin ayələrini eşidərkən ağlayır və müsəlmanları himayə edirdilər.
İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurmuşdur: "Bu məsihi alimlər və rahibləri həzrət İsa ilə Həzrət Məhəmməd (s) arasındakı dönəmdə yaşamış və İslam peyğəmbərinin gəlişini gözləmişlər.”
1. Yəhudilərin müsəlmanlarla düşmənçiliyinin tarixi kökləri var.
2. İslam düşmənlərinə və qeyri-müsəlmanlara onların rəftarını nəzərə alaraq yanaşılmalıdır.
3. Öz dostlarımızı və düşmənlərimizi onların psixoloji və ictimai vəziyyətini düzgün təhlil edərək tanımalıyıq.
4. Cəmiyyətdə inkişaf üçün zəmin var: Alimlik, Allah qorxusu, təkəbbür və azğınlıqdan uzaq ruhiyyə.
5. Din alimləri və Allahdan qorxan abidlər cəmiyyətin əqidə və əxlaqının islahında mühüm rol oynayırlar.
6. Əgər elm, ibadət və əxlaq qarşılıqlı birləşsə, insan haqpərəst olar və təəssübü bir kənara qoyar.
7. İslamda təəssüb yoxdur. İslam digər dinlərin Allahdan qorxan, insaflı alimlərini qiymətləndirir.
8. Məsihilər arasında İslamın təbliği təsirlidir.
(Məsihilər yanlış üçlük əqidəsini daşısalar da, nisbətən sağlam ruhiyyələrinə xatir haqqı daha asanlıqla qəbul edirlər.)