Əl-Maidə surəsi - Ayə: 64

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 64
Yəhudilər dedilər: «Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir).» Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 64. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 64 MÖHSÜN QƏRAƏTİ.

"Yəhudilər dedilər: "Allahın əli bağlıdır.” Əlləri bağlansın və bu sözlərin cəzası olaraq Allahın lütfündən uzaq olsunlar. Əksinə, Allahın iki (qüdrət) əli açıqdır - istədiyi kimi infaq edir. Əlbəttə, Rəbbin tərəfindən sənə nazil olan şey onların bir çoxunun küfr və tüğyanını artırır. Biz onların arasında qiyamət gününədək düşmənçilik və kin salmışıq. Hər dəfə döyüş alovunu şölələndirəndə Allah onu söndürdü. Onlar daim yer üzündə fəsad və günaha çalışırlar. Allah fəsad əhlini sevməz.”
Nöqtələr
Əvvəlki ayə yəhudilərin müxalif sözlərinə və yəhudi alimlərinin fəsadın qarşısını almamalarına bir işarə idi. Bu ayədə bəzi nümunələr bəyan olunur. Yəhudilər dedilər: "Allahın əli bağlıdır və artıq bizə keçmişdə malik olduğumuz qüvvə vermək imkanında deyil.”
Rəvayətlərdə deyilir ki, bu ayə yəhudilərin qəzavü-qədərə, insan taleyinə münasibətini açıqlayır. Çünki yəhudilərin nəzərincə, ilkin yaranışda əlləri açıq olan Allahın sonradan əlləri bağlanmışdı.
İmam Sadiq (ə) bu ayənin izahında buyurur: "Yəhudilər inanırdılar ki, Allah varlıq aləmini yaratdıqdan sonra bir kənara çəkilmişdir və heç nəyi artırıb-əskiltmir. 
Ərəb dilində "Yəd” ("əl”) sözü güc və nüfuza bir işarədir. Məsələn, deyirik: filankəsin filan işdə əli var; filankəsin filan işdən əli çıxdı; filankəsə əlimiz çatmır... Rəvayətlərdə o da qeyd olunur ki, Allahın övliyaları Onun əlidir. Yəni övliyalar ilahi lütf vasitəsidirlər.
İmam Baqir (ə) "Kulləma əvqədu narən...” cümləsi haqqında buyurmuşdur: "Əgər bir zalım şəxs Ali-Məhəmmədi (s) məhv etmək istəsə, Allah onu məhv edər.” 
Əllamə Təbatəbainin bildirdiyinə görə, fəqirlik, aclıq, qəhətlik baş verdikdə, eləcə də, Allaha borc vermək ayəsi nazil olduqda deyirdilər: «Bu qəhətlik və gözəl borc tapşırığı Allahın əllərinin bağlı olması nişanəsidir.»
Bildirişlər
1. Başqalarının günahına razılıq həmin günaha şəriklikdir. (Yəhudilərdən yalnız bir qismi Allahın əlinin bağlı olduğuna inansa da, başqaları da bu fikirlə razı olduğundan həmin fikir onların hamısına aid edilmişdir.)
2. Öz ləyaqətsizliyimizə don geyindirməyək. (Şeytan öz təkəbbürünü Allahın azdırması kimi təqdim edirdi.) Yəhudilər də öz məhrumiyyətlərini Allahın xəsisliyi ilə izah edirdilər.
3. Hər hansı şübhənin cavabı həmin şübhədən daha güclü şəkildə verilməlidir. (Onlar deyirdilər: "Allahın əli bağlıdır.” Ayədə isə buyurulur: "Allahın hər iki əli açıqdır, yəni O kamil qüdrət sahibidir.)
4. Məzəmmət əmələ uyğun olmalıdır.
5. Quran müttəqilərə hidayət, inadkarlara isə tüğyan gətirir.
6. Tüğyan və küfr düşmənçilik və kin-küdurət üçün zəmin yaradır.
7. Yəhudilər daim fitnə törədir və məğlub olurlar.
8. Həm cəza olaraq kin və düşmənçiliyin göndərilməsi Allahdandır, həm də döyüş alovunun söndürülməsi.
9. Məhəbbət və ya cəzaya tuş gəlməyinizin səbəbi öz əməllərinizdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.