Hud surəsi - Ayə: 71
Hud surəsi 71. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 71 MÖHSÜN QƏRAƏTİ.
“Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk
olduqda) sevincindən güldü. Beləliklə, ona İshaq (adlı oğulla) və İshaqın
adınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.”
Nöqtələr
◘“İbrahimin zövcəsi ayaq üstə durmuşdu. (Söhbətləri eşidib) güldü. Biz ona
İshaq (adlı bir övlad)la, İshaqdan sonra Yə`qub (adlı bir övlad)la müjdə verdik.”
İbrahimin zövcəsinin ayaq üstə durması bir neçə səbəblə izah olunur: ibadət üçün;
qonaqlara xidmət üçün; get-gələ və söhbətlərə nəzarət üçün.
◘“Zihk” sözü gülmək mə`nasını bildirir. “Zəhk” sözü isə aybaşı mə`nasını
ifadə edir. İbrahimin zövcəsi qonaqların süfrəyə əl uzatmamasının İbrahim üçün
təhlükə olmadığını bildiyindən gülə bilərdi. Bə`zi təfsirlərdə isə bu gülüş başqa
cür mə`nalandırılır: İbrahimin zövcəsi (Sara) yaşlı bir qadın idi və uzun illər idi ki,
aybaşı olmurdu. O, övladı olacağını eşitdikdə birdən belə hala düşdü və anladı ki,
Allahın iradəsi ilə övlad sahibi ola bilər. İmam Sadiq buyurmuşdur: “Zəhikət”
sözü onun aybaşı olmasını bildirir.”
Bildirişlər
1. Bə`zi səhnələrdə qadının da iştirakı lazım gəlir.
2. Qadının ruhu kişinin ruhundan zərifdir. Həzrət İbrahim də əhvalatı eşitmişdi.
Amma yalnız Sara güldü.
3. Qəmli xəbərlər arasında müjdə də olur.
4. Ən üstün müjdə ardıcıl və davamlı ne`mət müjdəsidir. Ola bilsin ki,
övladlardan biri o birindən sonra gəldiyi üçün “Yə`qub” (“Üqb” sözündən)
adlandırıldı.
5. Peyğəmbərlərin adı öncədən tə`yin olunmuşdur.
6. İlahi mələklərin hər bir dəstəsinin öz vəzifəsi olsa da, haqqında danışılan
mələklərə bir neçə iş tapşırılmışdı. Onlar Lut qövmünü məhv etməli, İbrahim və
Saraya övlad müjdəsi verməliydilər.