Əl-Ənam ‏ surəsi - Ayə: 1

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 1
Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 1. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 1 MÖHSÜN QƏRAƏTİ.

"Sitayiş göyləri və yeri yaratmış, qaranlıqları və nuru qərar vermiş Allaha məxsusdur. Amma kafirlər (başqalarını) Allaha bərabər və tay tuturlar.”
Nöqtələr
Bütün Quranda "nur” sözü tək, "zülmət” sözü isə cəm formada işlədilmişdir. Həqiqətən də, haqq yol birdirsə, batil yol çoxdur. Bəli, nur vəhdət, zülmət isə pərakəndəlik nişanəsidir. "Ədl” sözündən olan "yədilunə” sözü tay, oxşar mənasını bildirir.
Surənin birinci ayəsi varlıq aləminin yaranışı, ikinci ayəsi insanın yaranışı, üçüncü ayəsi isə insanın əməl və rəftarına nəzarət haqqındadır.
Həzrət Əlinin (ə) buyruğuna əsasən, bu ayə azğın qrupun suallarına cavab verir. Bu qruplar aşağıdakılardır:
a) İlahi yaranış və varlıq aləminin xəlq olunmasını inkar edən materialistlər
b) Nur və zülməti iki qaynaq bilən ikiliyə pərəstiş edənlər; (Avesta Əhriməni zülmətlərin, Ahura Məzdanı nurun allahı bilir və onlar arasındakı ziddiyyətə inanır. 
v) Allaha şərik və oxşar qərar verən müşriklər. 
İmam Musa ibn Cəfər (ə) "Birəbbihim yədilunə” təbiri haqqında buyurmuşdur: "Yəni kafirlər zülmət və nuru, zülm və ədaləti eyni sayırlar.” 
Bildirişlər
1. Allah həm heçdən yaradır, həm də yaratdıqlarına yeni keyfiyyətlər verir. (İlk öncə "xələqə”, sonra "cəələ”.)
2. Allaha şərik qoşmaq bir növ Onun inkarı və küfürdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.