Əl-Bəqərə surəsi - Ayə: 266

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 266
Məgər sizdən kimsə (ağaclarının) altından çaylar axan və içərisində bütün növ meyvələrdən olan xurma ağacları və üzüm tənəklərindən ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı və kiçik və zəif uşaqları olduğu halda (birdən) yandırıcı odu olan bir qasırğanın onu (bağı) bürüməsini və onun hamısının yanmasını istəyərmi?! Allah Öz ayələrini (dinin hökm və maarifini) sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz (ki, məbada axirətdə, çox möhtac olduğunuz halda öz xeyir əməllərinizi riya, minnət və küfr odu ilə yanıb məhv olmuş görəsiniz).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 266. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 266 MÖHSÜN QƏRAƏTİ.

"Sizlərdən xurma və üzüm ağacları olan, ağacları altından çaylar axan, sahibi üçün hər növ meyvəsi olan bir bağ istəyən varmı? Bir halda ki, pir yaşına çatmış, övladları zəifdir. Həmin vaxt oraya od-alovlu bir tufan üz tutsun və bağı büsbütün yandırsın. Allah Öz ayələrini sizin üçün bu sayaq aydınlaşdırır ki, bəlkə düşünəsiniz.
Nöqtələr
İnsan yaşa dolduğu vaxt onun nəsil vermə qabiliyyəti itir. Amma ehtiyacı və xərcləri artır. Bu vaxt onun qazanc yeri məhv olsa, əziyyətə düşər. Qiyamət günü insanın bir tərəfdən saleh əməl gücü yoxdur. Digər tərəfdən ehtiyacları böyükdür. Həmin vaxt onun saleh əməlləri minnət qoymaq və riyakarlıq vasitəsi ilə məhv olsa, hansı zillətə düçar olar?!
Xurma və üzüm ən faydalı meyvələrdəndir. Quranda bu meyvələrin adı bir neçə dəfə çəkilmişdir.
Hər kəs "la ilahə illəllah” desə, bu əməlinə görə behiştdə onun üçün bir ağac əkilər. "Allahu əkbər” deyənlər üçün də belə olar. Bir şəxs peyğəmbərdən (s) soruşdu ki, demək, bizim behiştdə ağaclarımız çoxdur?” Həzrət buyurdu: "Bəli, bir şərtlə ki, onların ardınca atəş göndərib oda çəkməyəsiniz.”(Təfsiri-Fəxr-Razi”. )
Bildirişlər
1. Məsələni yaxşı dərk etmək üçün özünü başqalarının yerində təsəvvür et.
2. Zaman və məkanın, əsl və nəslin təsirinə məruz qalmayan təbii misallardan istifadə edək.
3. İnfaq etdikdən sonra minnət qoyub əziyyət vermək yaşıl bir bağı oda çəkmək kimidir.
4. Təkamül tədricidir. Bir şeyi oda çəkib məhv etmək isə bir anda baş verir.
5. Qurandakı misallar düşünmək üçündür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.