"Öz malını Allah yolunda infaq edən, sonra infaq etdiyi şeyə görə minnət qoymayan və əziyyət verməyənlərin mükafatı onlar üçün Allahın yanında saxlanılır. Nə qorxuları var, nə də qəmgin olarlar.”
İnfaq əmrində İslamın məqsədi yalnız fəqirlərin qarnını doyurmaq deyil. Bu gözəl iş ləyaqətli insanların əli ilə və bəyənilmiş şəkildə, müsbət hədəflərlə yerinə yetirilməlidir.
Bəzən insan Allaha doğru addım atıb işə yaxşılıqla başlayır. Amma qürur, minnət, gözləmə və bu kimi xislətlər səbəbindən infaqın dəyəri puça çıxır. Minnət qoymaq infaqı təsirdən salır. Çünki infaqda məqsəd ruhu xəsislikdən paka çıxarmaqdır. Amma ruh minnət səbəbindən bulaşmış olur. Minnət qoyan kəs ya özünü böyütmək, ya da infaq etdiyi şəxsi alçaltmaq fikrindədir. Bu işdə məqsəd xalqın diqqətinin cəlb edilməsi də ola bilər. Bütün hallarda minnət qoyulması ixlasdan uzaqdır. Allah bir bu qədər nemətə görə bizə nə minnət qoyub ki, biz də Onun verdiyindən bir qismini bağışladığımız üçün minnət qoyaq?! "Məcməül-bəyanda” nəql olunmuş rəvayətdə həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah minnət qoyanlara qiyamətdə lətif nəzər salmaz.”
1. Yaxşılığa başlamaq kafi deyil. Yaxşı işi başa çatdırmaq şərtdir.
2. İslam məhrumların və fəqirlərin şəxsiyyətini hifz edir. Onların şəxsiyyətinin minnət qoymaqla alçaldılması yaxşı əməli batil edir.
3. İnsanın əməlləri bir-birinə təsir edir. Yəni bir əməl o biri əməli puça çıxara bilər. İnfaq fəqirliyə əlac üçündür. Amma minnət qoyulması infaqı fəqirlər üçün dərdə çevirir.
4. Allah infaq edənlərin gələcəyinə zamindir.
5. Bir şəxs minnət və əziyyətsiz - yalnız Allah razılığı üçün - infaq edərsə, ilahi aramlıqdan bəhrələnər.