Ali-İmran surəsi - Ayə: 68

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 68
Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 68. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 68 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, İbrahimə ən layiqli fərdlər ona itaət edənlər, bu peyğəmbər və bu peyğəmbərə iman gətirənlərdir. Allah möminlərin himayəçisidir.”
Nöqtələr
Ayədən məlum olur ki, iman yaxınlığı qohumluq yaxınlığından daha geniş və daha möhkəmdir. Eyni hədəfə doğru hərəkət edən, həmfikir olan insanlar bir-birlərinə zahirdə qohum olanlardan daha yaxındırlar. Çünki qohumlar əqidə və düşüncə baxımından fərqli mövqedə də ola bilərlər. İmam Sadiq (ə) vəfalı yaxınlarından birinə buyurmuşdur: "And olsun Allaha ki, siz Məhəmməd (s) ailəsindənsiniz.” Sonra imam yuxarıdakı ayəni tilavət etmişdir.("Təfsire-Məcməül-bəyan”. ) Həzrət Peyğəmbər (s) isə Salman Farsi haqqında belə buyurmuşdur: "Salman biz Əhli-beytdəndir.”("Bihar” , c. 10, səh. 123.)
Ayədə İbrahimin ardıcılları ona ən yaxın adamlar kimi tanıtdırılsa da, İslam peyğəmbəri və müsəlmanların adı ayrıca çəkilir. Burada məqsəd İbrahimə itaətin ən üstün nümunəsi kimi həzrət peyğəmbər və müsəlmanları dünyaya tanıtdırmaqdır.
Rəvayətdə nəql olunmuşdur: Həzrət Məhəmmədin (s) dostu o kəsdir ki, qohumluq baxımından ondan uzaq olsa da, Allaha itaət etsin. Peyğəmbərin düşməni isə o kəsdir ki, Peyğəmbərə (s) qohum olmuş olsa da Allaha itaətsizlik göstərsin.”("Təfsire-Məcməül-bəyan”. )
İmam Sadiq (ə) buyurmuşdur: "Ayədəki "iman gətirmiş kəslər” təbiri imamlar və onların ardıcıllarına işarədir.”("Kafi”, c. 1, səh. 416. )
Bildirişlər
1. Xalqın rəhbərə bağlılığı qəbilə, dil, məntəqə, irq bağlılığından uzaq olan məktəb bağlılığıdır.
2. Peyğəmbərlərə yaxınlıq ölçüsü onlara itaətdir.
3. İslam peyğəmbəri və müsəlmanlar İbrahim yolundadırlar və onun məqsəd və məramını davam etdirirlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.