Ali-İmran surəsi - Ayə: 64

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 64
De: «Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: «Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 64. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 64 MÖHSÜN QƏRAƏTİ.

"De ki, ey kitab əhli, aramızdakı müştərək sözə doğru gəlin. Allahdan qeyrisinə pərəstiş etməyək, Ona şərik qərar verməyək, bəzilərimiz bəzilərini Allahın yerinə Rəbb götürməyək. Əgər (bu təklifdən) üz döndərsələr, deyin: Şahid olun ki, biz müsəlmanıq (və Allaha təslimik).”
Nöqtələr
İstər dəlil, istər mübahilə, istərsə də müştərək sözlərə üz tutmaq yolu ilə tövhid və haqqa çağırış zəruridir.
"Təfsire-Məraği”də nəql olunur: Udəyy ibn Hatəm İslamı qəbul etdikdən sonra peyğəmbərə belə ərz etdi: "Biz məsihi olduğumuz vaxt heç vaxt bir-birimizi özümüzə Rəbb qərar verməmişik. Bəs bu cümlənin mənası nədir?”
Həzrət Peyğəmbər (s) buyurdu: "Məgər sizin alimləriniz Allahın hökmünü dəyişmirdilərmi?” İbn Hatəm bunu təsdiq etdi. Həzrət buyurdu: "Allahın qanununu dəyişən alimə itaət bir növ ona bəndəlikdir.”
Bildirişlər
1. Müsəlmanlar müştərək məsələlərdə kitab əhli ilə razılığa gəlməlidirlər.
2. Vəhdətə dəvətdə öncül olmaq lazımdır.
3. Əgər bütün haqq məqsədlərə çatmaq mümkün olmadısa, bu məqsədlərdən bəzilərinə çatmaq üçün öz səyinizi əsirgəməyin.
4. Təbliğ mərhələlərindən biri müştərək məsələlərə dəvətdir. Müştərək məsələlərə dəvətdə Quran yaxşı bir mehvər ola bilər. Çünki Quranda həm peyğəmbərlərin tarixi var, həm də o, təhriflərdən uzaqdır.
5. Təbliğ zamanı qarşı tərəfin haqq əqidələrinə və müqəddəsliklərinə ehtiram göstərmək lazımdır.
6. Bir Allaha sitayiş və şirkdən uzaqlıq bütün səmavi dinlərin müştərək cəhətləridir.
7. Tövhid insanın ucalıq səbəbidir. "Təaləv” sözü ucalığa dəvət zamanı işlədilir.
8. Başqalarına sorğu-sualsız itaət onları Rəbb kimi qəbul etmək nişanəsidir. Halbuki bütün insanlar bir-birləri ilə bərabərdirlər.
9. Azad düşüncə və müstəqil şəxsiyyət Quran şüarıdır.
10. Müxaliflərin etirazı bizim iradə və imanımıza təsir göstərməməlidir.
11. Hər bir təbliğatçı əvvəlcədən xalqın etirazını ehtimal etməlidir ki, bu etirazla rastlaşdıqda məyus olmasın.
12. Yetərli dəlillərdən sonra mübahisəni kəsin.
13. Allaha bəndəlik, şirkin və qeyri-ilahi hakimlərin rədd edilməsi həqiqi müsəlmanlıq xüsusiyyətlərindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.